Sizin Reklam Burada
Tel: 050 378-66-61

Rayonlarda dabaq xəstəliyinin yayıldığı bildirilir

Dünən, 15:15   



Azərbaycanın bir sıra rayonlarında mal-qaranın dabaq xəstəliyinə tutulduğu bildirilir. Bu barədə Astara və Şamaxı rayonlarının sakinləri AzadlıqRadiosuna məlumat veriblər. Oxşar şikayətlər Ağcabədi, Xaçmaz kimi rayonlardan da eşidilir.

Adının çəkilməsini istəməyən bir fermer AzadlıqRadiosuna deyib ki, ona qonşu olan bir çox təsərrüfatlarda iri mallar dabaq xəstəliyinə tutuşub. O vurğulayıb ki, həm dabaq, həm də qarayaraya qarşı peyvəndlər pulsuzdur: "Məsələn, mənim qonşum gec peyvəndləmə etdi. Onların mal-qarası tamam tutuşub. Əgər artıq virus düşübsə, peyvənd vuranda xəstəlik tez üzə çıxır".

Həmin fermer əlavə edib ki, heyvanın ölüb- ölməməsinə yaranın onun hansı nahiyəsinə düşməsinin təsiri olur: "Məsələn, inək və ya buzovun ayağına yara düşəndə, əsasən, ölüm baş vermir. Ölüm daha çox yara buzovun ağız nahiyəsinə düşəndə baş verir. Amma yaxşı qulluq etsən, heyvanı xilas etmək olur. Bundan ötrü də gərək sənə kömək edənlər olsun".

Bu şikayətlərlə bağlı Heyvan Sağlamlığı və Baytarlıq Xidməti ilə danışmaq mümkün olmayıb. Amma Xidmətin Facebook səhifəsində bölgələrdə heyvanlarda dabaq xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparıldığı bildirilir. Qurumun yaydığı məlumatlara görə, peyvəndləmə işləri ildə iki dəfə aparılmalıdır.

Konkret şikayətlərin eşidildiyi bölgələrə gəldikdə isə, yerli media orqanlarında yer alan məlumatlara görə, Xaçmaz Baytarlıq İdarəsindən bildirib ki, rayonda dabaq xəstəliyi ilə bağlı mal-qara arasında elə bir narahatlıq yoxdur. Digər sözügedən rayonların baytarlıq idarələri ilə də danışmaq mümkün olmayıb.

Xatırlatma

Dabaq – cütdırnaqlı heyvanların yoluxduğu virus mənşəli xəstəlikdir. Heyvanın yemdən imtina etməsi, gövşəmənin pozulması, ağızdan selik axının çoxalması, yüksək hərarət, bədəndə yaraların əmələ gəlməsi, ağızda, burun ətrafında qabarcıqların yaranması və başqa əlamətlərlə özünü göstərir. İnsanların xəstə heyvanlarla təmas, heyvan mənşəli çiy qida məhsullarının istehlakı və başqa yollarla bu xəstəliyə yoluxması mümkün sayılır. Virusun insandan insana yoluxma halının qeydə alınmadığı deyilir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

{sape_links}