Elm və təhsil naziri Emin Əmirullayev ictimaiyyəti inandırmaq istəyir ki, pul yığmaq məsələsində 4600 məktəbə nəzarət etmək mümkün deyil. Nazir bu problemin həllini təhsil işçiləri ilə valideynlərin üzərinə qoyur, zamana buraxmağı təklif edir.
Onun fikrincə, bunun yaxşı olmadığını hamı başa düşəndə belə hallara yol verilməyəcək. Yəni indi məktəblərdə pul yığılmasının qarşısını almaq mümkün deyil. Ancaq nazir bilir ki, söhbət bəzi məktəblərdən getmir, total şəkildə bütün təhsil ocaqlarında pul yığırlar. İkincisi, ETN təkcə tənzimləyici qurum deyil, həm də məktəblərə nəzarət edən strukturdur.
Eyni zamanda, təhsil sistemini yeniləməli olan, müasir idarəetmə gətirən bir qurumdur. Amma E.Əmirullayev bu günlərdə verdiyi açıqlamada məktəblərdə pul yığılması hallarına görə yaxasını kənara çəkir, nazirliyin məsuliyyətini olduqca kiçildir. Halbuki məktəblərdə belə neqativ hərəkətlərə nəzarət, onun tamamilə aradan qaldırılması birbaşa nazirliyin vəzifəsidir.
Bəs bunu kim etməlidir? – Kənd Təsərrüfatı Nazirliyi, yoxsa Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Əlbəttə, nazirlik pul yığılmasının qarşısını almalıdır. Ümumiyyətlə, bu məsələdə məktəb direktoru və ya müəllimlər kimdirlər ki, pul yığmaq cəsarətini özlərində tapsınlar? Buna göz yuman, “yaşıl işıq” yandıran elə nazirlikdir.
Əgər E.Əmirullayev bu məsələdə qətiyyətli olarsa, sərt şəkildə əmr verərsə, heç bir məktəb direktoru pul yığmağa cürət edə bilməz. Belə çıxır ki, yaranmış bu eybəcər vəziyyətin olmasında nazirlik maraqlıdır, yaxud da bacarmır, yəni təhsil ocaqlarının rəhbərləri Emin Əmirullayevi saymırlar.
Azərbaycanda hansı nazir göstəriş verdikdən sonra onun yerli idarələrinin, şöbələrinin rəhbərləri, əməkdaşları buna əməl etməz? Deməli, nazir Əmirullayev bu məsələni başdı-başına buraxıb. Ona görə də məktəb direktorları nazirliyin “dişsiz” siyasətindən sui-istifadə edərək bu biabırçılıqları davam etdirir.
Hərçənd məktəblərdə bu rüsvayçılıqlara son qoyulması bir günün işidir. Sadəcə, tələbkarlıq, sərtlik lazımdır. Bu da olmadıqca fond pulu da yığarlar, direktora ad gününə boyunbağı, qolbaq da...
Baxın, dərslər iki həftədir ki, başlayıb. Amma ilk gündən demək olar ki, bütün təhsil ocaqlarından pul yığılması haqda xəbərlər gəlir. Yəni nazirin dediyi kimi, heç də bəzi məktəblərdə deyil, əksəriyyətində bu hallar var. Əsrin dörddə biri geridə qalmaqdadır, gənc nazir isə məktəb direktorları ilə bacarmır.
Bundan əlavə, Əmirullayevin komandası da bacarıqsızdır. Bu komanda islahatlar həyata keçirməyiblər. Sadəcə, dövləti və prezidenti aldadırlar. Son illərdə Azərbaycanın təhsil sistemində nə kimi yeniliklər olub? Beynəlxalq təcrübədən nə dərəcədə istifadə olunub? Əksinə, xarici təhsilli nazirin qurduğu “sistem” ötən əsrin 90-larında qalıb. Əgər yeni idarəetmə modeli olsaydı, Azərbaycan təhsili sələmə pul verən, alverçi məktəb direktorlarının əlində qalmazdı...
Azər Talıbov
Anxeber.Az