Saxlandığı 3 saylı Uşaq Evində onlara qarşı pis rəftar, yeyinti halları barədə sosial şəbəkələrdə görüntülər paylaşandan dərhal sonra psixiatriya xəstəxanasına yerləşdirilmiş yeniyetmə Məhəmməd Hacıyev ardından həbs olunubmuş. Sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 10 il həbs cəzası kəsilib.
O, uşaq evindəki oğlan uşaqlarından birinə qarşı təcavüzdə ittiham olunur. M.Hacıyev psixiatriya xəstəxanasından çıxarılandan sonra yenidən uşaq evinə qaytarılıb. İddia olunur ki, 13 yaşlı S.A.-yə qarşı təcavüz də 2024-cü ilin avqustunda törədilib.
M.Hacıyev məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyib. Deyib ki, onu uşaq evində olan özbaşınalıqları ictimailəşdirdiyinə görə cəzalandırıblar. Onun sözlərinə görə, S.A.-yə təcavüz etdiyi iddia olunan tarixlərdə - avqustun 19-dan 24-dək, ümumiyyətlə, uşaq evində olmayıb: "Həmin vaxt Hövsanda olmuşam, "Büllur" su şirkətində işləmişəm, konteynerdə gecələmişəm. Müstəntiqdən xahiş etdim ki, həmin kameraların görüntülərini götürsün, etmədi. İnternatda da hər yerdə kamera var, gətirin, baxın görün ki, mən bu cinayəti etmişəm, yoxsa yox".
M.Hacıyev vurğulayıb ki, valideynlərini itirdiyinə görə uşaq evində qalır. Ögey qardaşı onu ora yerləşdirib.
Məhkəmədə zərərçəkmiş qismində tanınan 13 yaşlı uşaqla yanaşı, uşaq evinin direktoru, işçiləri də dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyası M.Hacıyevi Cinayət Məcəlləsinin 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri - 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsiylə təqsirli bilib. Bu maddənin sanksiyasında 15 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub. Lakin hadisə baş verəndə M.Hacıyev özü də yetkinlik yaşına çatmadığından məhkəmənin ona təyin etdiyi cəza 10 ildən çox ola bilməzdi.
Hökmdə iddia olunur ki, M.Hacıyevin ötən il 19-24 avqust tarixlərində uşaq evində olmaması haqda dedikləri təsdiqini tapmayıb.
2023-cü ilin aprelində M.Hacıyev yaydığı videogörüntülərdə bildirirdi ki, saxlandığı 3 saylı Uşaq Evində ətin yaxşı hissələrini rəhbərlik və digər işçilər evinə aparır, piylər və yaxud sümüklər bişirilir, uşaqlara verilir: "Uşaqlar çörəkdən doymur. Məktəbdə uşaqların ağzına baxırlar. Evdən gələn uşaqlardan dilənməyə məcbur olurlar. Ətin sümüklü, piyli tərəflərini bişirirlər, ətli yerlərini aparırlar. Südü, almaları aparırlar, çürüklərini saxlayırlar".
M.Hacıyev bu barədə paylaşımlarından sonra Maştağadakı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. O zaman xəstəxananın baş həkimi olan Ağahəsən Rəsulov yerli mediaya açıqlamasında bildirmişdi ki, yeniyetmə psixi xəstə deyil və onun bu xəstəxanada qalmasına ehtiyac yoxdur: "Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul etmir".
Bu açıqlamadan az sonra A.Rəsulov vəzifəsindən azad edilmiş, səbəb kimi isə yaş həddi göstərilmişdi.