“Aztelekom” MMC ondan şikayət edən və problemini mediada ictimailəşdirən əməkdaşlarını cəzalandırmağa başlayıb.
Belə ki, ötən həftə Anxeber.Az-da müraciəti yayımlanan “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağında cari planlama sektorunda 1996-cı ildən texnik kimi çalışan Vəliyeva Zülfiyyə imtahan adı ilə işindən uzaqlaşdırılıb.
Z.Vəliyeva əmək haqlarının uzun illərdir artırılmadığını bildirmişdi. Bu müraciəti mediada işıqlandırıldıqdan sonra isə Sumqayıt Telekommunikasiya qovşağının insan resurslarının rəhbəri Fəridə Əsədova ona işdən azad olunduğunu bildirib.
Bu barədə saytımıza məlumat verən Zülfiyyə Vəliyeva haqsızlıqla üzləşdiyini söyləyib. Onun sözlərinə görə, heç bir əsas olmadan, imtahandan kəsilmək bəhanəsi ilə işindən kənarlaşdırılıb. Rabitəçi qeyd edib ki, bu sahədə 29 ildir çalışır və böyük təcrübə sahibidir. “Mən Bakı Dövlət Rabitə və Nəqliyyat kollecini bitirmişəm. Rabitə sektorunda 29 illik təcrübəm var. Ancaq maaş artımı ilə bağlı etdiyim narazılıq və məsələnin mediaya çıxması mənə qarşı təzyiqlərə səbəb oldu. Halbuki işdən çıxarılmaq üçün heç bir əsas yoxdur. Üstəlik, tək anayam, üzərimdə böyük qayğılar, məsuliyyət, xərclər var. Belə bir vaxtda Sumqayıt Telekommunikasiya qovşağının qərarı həm qanunsuzluq, həm haqsızlıqdır”, - deyə Zülfiyyə Vəliyeva müraciətində bildirib.
O, “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Həsən Ömərovdan, nazir Rəşad Nəbiyevdən köməklik göstərilməsini xahiş edib. “Mən demişdim ki, son 11 ildə əmək haqlarında heç bir dəyişiklik olmayıb. Əvvəlki müraciətimdə demişdim ki, maaşım 552 manatdır. Bu, təkcə mənim yox, bütün işçilərin problemidir. Hətta tək mənə yox, bir şəhid ailəsinə qarşı da haqsızlıq edilir. Dəfələrlə rəhbərliyə müraciət etmişik, hətta “Aztelekom” MMC-nin baş direktorunun qəbulunda olmuşuq. Amma deyirlər ki, onların səlahiyyəti çatmır. Bizim maaş artımı yalnız nazirin əmri ilə ola bilər. Amma 11 ildir Rabitə və Yüksək Texnologiyalar naziri tərəfindən belə bir sərəncam verilmir. Mən də köməklik göstərilməsini xahiş etmişəm”.
Z.Vəliyeva saytımıza qeyd edib ki, Sumqayıt Telekommunikasiya qovşağı işdən çıxarmaq qərarı ilə Prezident İlham Əliyevin sərəncamlarına qarşı çıxır: “Çünki tək ana, banklara borcu olan birinə qarşı bu addım yolverilməzdir. Əmək Məcəlləsi var, qanunlar var, səbəbsiz yerə işdən çıxarmağa əsasları ola bilməz. Mən dövlət rəhbərliyindən və cənab nazirdən müraciətimə səs verməsini istəyirəm. Xahiş edirəm ki, üzləşdiyim haqsızlıqla bağlı araşdırma aparılsın. Mən düz söz dediyim üçün cəzalandırırlar və bunun qarşısını almaq lazımdır”.