Sizin Reklam Burada
Tel: 050 378-66-61

Təcavüzə məruz qalan yeniyetmənin atası: “Uşağım məktəbindən, getdiyi kurslardan qovuldu”

Bu gün, 08:56   



Naxçıvanda 4 nəfər tərəfindən təcavüzə məruz qalan 15 yaşlı yeniyetmənin atası Novruz Musayev oğlunun məktəbdən və getdiyi kurslardan da qovulduğunu bildirir.

Ata həm də oğluna təcavüzdə ittiham olunanlara verilən cəzanın yüngül olduğunu iddia edir. O deyir ki, təcavüzkarlardan biri sübut olmadığından hazırda azadlıqdadır. Digər iki nəfərdən biri 9 ay, o biri 1 il cəza alıb. Mülki şəxsin isə məhkəməsi davam edir. 

Artıq bir neçə aydır ki, yetkinlik yaşına çatmayan övladı üçün ədalət tələb edən atanın Meydan TV-yə söylədiklərini olduğu kimi təqdim edirik:  

“Uşaq həftənin 2 günü Naxçıvana kursa gedirdi, 2 günü də müalicə alırdı. Dəri xəstəliyi var, lazerə gedirdi. Əvvəllər telefonu var idi. Sonra bir gün anasına dedi ki, telefonu qırmışam. Anası məktəbdə xadimə işləyir. Mən də dedim ki, daha sənə telefon almayacam, mənim imkanım yoxdu, boğazımıza ancaq çatdırıram. Telefon qırılandan 2-3 ay sonra, anası məktəbdən qayıdanda mənə dedi ki, Novruz, deyəsən oğlumuz telefon işlədir. Mən də uşaqdan soruşdum ki, telefon işlədirsən? Dedi – yox. 2025-ci il martın 13-ü idi, uşaq həmin gün evdən qaçdı, 1 gün evdə qalmadı. Martın 15-i axşam mən Kəngərli Rayon Polis Şöbəsinə müraciət etdim. Bildirdim ki, uşaq evdən qaçıb, axşam evə gəlməyib, xahiş edirəm, uşağı tapın, telefonu da var, onu da yoxlayın. Polisdən xahiş etdim ki, telefonu yoxlasın ki, bəlkə uşağıma nəşə satdırıblar, bəlkə başına oyun açıblar, bizim xəbərimiz yoxdur. 

“Bu uşağı otelə necə qəbul ediblər, bilmirəm”

Sağ olsun polis, uşağı tapıb gətirdi, 2 gün telefonu yoxladılar. İki gün sonra polis bizi çağırdı və bildirdi ki, sizin övladınıza 4 nəfər təcavüz edib. Onlardan 3 nəfəri hərbiçi, 1 nəfər isə mülki vətəndaşdır. Sənan Pənahov adlı şəxs oğluma gizlicə telefon və nömrə alıb. Telefonda da yazışmalar var idi. Uşaq da bunu bizə deməyib. Nə olur olsun, nəticədə uşaqdır, qorxub. Həmin o Sənan deyilən şəxs uşağımı aparıb öz evinə, 1 gün uşaq orada qalıb və orada da uşağıma təcavüz edib. Daha sonra oğlumu aparıb, oteldə təcavüz edib. Bu uşağı otelə necə qəbul ediblər, bilmirəm. 15 yaşındakı uşağı niyə otelə qəbul edirlər? Mənim uşağımı şəhərdə kirayə ev tutub, təcavüz edib. Bu adam necə hərbidə işləyir?  

Mən bunların hamısını oğlumun polisə verdiyi ifadədən oxumuşam. Özüm dəhlizdə oturdum ki, oğlum məndən utanar, qoy hər şeyi rahat danışsın, üstəlik tapşırdım ki, hər şeyi olduğu kimi danış ki, polis onların cəzasını versin. 

Uşağa 15-20 manat pul verib, deyiblər ki, valideynlərinə desən səni öldürəcəyik. Oğlum da qorxub ki, anam-atam bilsə məni öldürəcəklər. Ona görə də uşağı hara çağırsalar gedirmiş. 

Qorxudublar ki, razı olmasan valideynlərinə deyəcəyik, səni öldürəcəklər

Övladım ifadəsində 4 nəfəri də qeyd edib. İndi hərbiçilərdən birini sərbəst buraxıblar, birinə 9 ay veriblər, birinə 1 il. Mülki vətəndaşın məhkəməsi hələ də davam edir. Uşaq bizə dedi ki, telefonda yazışırdıq. Bunlar MAXE-lərdir, baş leytnantdır, gizirdir. Hadisəni törədənlərdən biri bunu qardaşına danışandan sonra qardaşı uşağı tapıb, hədələyib və sonra çöllük ərazidə uşağa təcavüz edib. Qorxudublar ki, razı olmasan valideynlərinə deyəcəyik, səni öldürəcəklər. İzahatında da bütün bunları qeyd edib. 

İndi uşağa təcavüz edən şəxslərdən biri azadlıqdadır. Cinayət işi açılıb bu şəxslərə. Amma 3 nəfər hərbiçi olduğuna görə işə Hərbi Prokurorluq baxmalı idi. Bundan sonra işi verdilər Hərbi Prokurorluğa, sənədlər hazırlandı. Hərbi Prokurorluğun müstəntiqi bizə bildirdi ki, bir nəfərin sənədini məhkəməyə göndərmişəm, ikisinin  də sənədini bu həftə göndərəcəyəm. 3 gün sonra müstəntiq yenidən bizi çağıranda bildirdi ki, Əsədov qardaşlarından biri barədə heç bir sübut yoxdur, sərbəst buraxıldı. Dedim ki, mən 5 aydır bura gəlib gedirəm. Niyə mənə demirsiniz heç nə tapa bilmirik. Müstəntiq bildirdi ki, ya videogörüntü ya da yazışma olmalıdır. Həmin sərbəst buraxılan adam da öz telefonunu yox, ölən anasının telefonunu vermişdi incələməyə. Ona görə də onu sərbəst buraxdılar. 

Tibbi ekspertiza rəyi də göstərir ki, uşağa dəfələrlə təcavüz edilib. Müstəntiq dedi ki, o bizdə sayılmır, keçərli deyil. 

Amma uşaq ekspertizadan keçib, ekspertizanın rəyi var. Keçməsə mən bu cür fəryad etmərəm. Qaldığım bu kənddə mənim uşağımı heç kim tanımır. Kəndin lap qırağındayam, qonşu kəndə yaxınam. Mənim indi evimin solunda, sağında hərbiçilər var, işə gedib gəlirlər. Niyə uşaq deyir ki, illah ki, mənə bu adam təcavüz edib? Qoy mənim qonşularımı desin. Uşaq özü göstərib ki, bunlar mənə təcavüz edib.

Qardaşlardan biri Əsədov Səbuhi Səməd oğlu, o biri Əsədov Araz Səməd oğludur. Bunlardan biri evlidir. Həmin bu sərbəst qalan adam 3 dəfə fərqli-fərqli yerlərdə uşağa zorla təcavüz edib.  Nə bir müstəntiq gəlib ki, apar göstər görüm ki, necə olub, harda olub, inandırıcıdır ya inandırıcı deyil? Heç kim soruşmayıb. Elə getdik ora, dedilər – ən ağır cəza verəcəyik. 7 ay əziyyət çəkdim, heç bir yerdə işləyə bilmədim. İndi qorxudan oturmuşam uşağın yanında ki, adam əlini qolunu sallayaraq gəzir. Uşağı öldürsə, deyəcəklər elə atası öldürüb uşağı.

“Direktor müavini dedi ki, hara şikayət edirsən et, biz sizin uşağınızı məktəbə qoymuruq”

Mənim uşağım məktəbindən qovuldu, getdiyi kurslardan qovuldu. 3 ildir mən uşağımı hazırlıqlara göndərirdim, bütün çəkdiyim xərclərin hamısı batdı. Bu təcavüzlə bağlı olay çıxandan sonra, demək olar ki, hər gün uşağı aparırdım prokurorluğa, ondan izahat alırdılar. Mən də məktəbə gedib, ərizə yazdım. Dedim – belə bir hadisə olub, valideyn kimi ərizə yazıb qoydum ki, uşağın xəstəliyi ilə bağlı bir müddət məktəbə gələ bilməyəcək. Ondan sonra, hardasa ay yarım bundan qabaq yoldaşımla məni çağırdılar ki, biz sizin uşağınızı məktəbdə istəmirik. Uşaqlar icəşəcək sizin oğlunuzla, siz də gələcəksiniz, savaşacaqsınız bizimlə, valideynlər də qıracaq bir-birini. Axırda gördülər ki, mən əl çəkmirəm, direktor müavini dedi ki, hara şikayət edirsən et, biz sizin uşağınızı məktəbə qoymuruq.
Tibb kursuna gedirdi, oradan da qovulub. Oldu heç nə, bir dənə yarım adam. 

Kursdan Sənan Pənahov müəllimindən icazə alıb oğlumu aparırmış, deyirmiş ki, əmisi oğludur. Bizim heç bir şeydən xəbərimiz olmayıb. Müəllim də araşdırıb ki, bu adam uşağın əmisi oğlu deyil. Mənim qardaşımın qızı da həmin kursda oxuyur, qardaşımın qızı həmin müəllimə deyib ki, yalan deyir, onda o adam gərək mənim də əmimoğlu ola. Ondan sonra uşağı kursdan çıxardıb. Uşağa zəng edib ki, səni kursdan çıxardıram. Uşaq da telefonu çırpır yerə, qırıb.

Sonra müəllim qardaşıma zəng edir, qardaşım da deyib ki, atasına demə o əsəbidi, onu döyüb öldürəcək. Kaş ki desəydi, mən o vaxt düşərdim bu məsələnin üstünə. 

“Onda qabağıma keçənə təcavüz edib, 9 ay yatıb çıxaram da” 

Heç bir dövlət qurumu maraqlanmır. Uşağı müalicəyə, psixoloqa da apardım. Hamısı dedi ki, uşaq normaldır. İndi bunu məhkəmə, prokuror bilə-bilə hamısı təcavüz edənlərin tərəfindədirlər. 6-7 aydır yoldaşımın ağlamaqdan gözləri kor olub. Gecələri yuxu yata bilmirəm, ürəyim partlayır. Gecəmiz- gündüzümüz yoxdur. Ailəlikcə hamımızın psixologiyası pozulub, sarsıntı içərisindəyik. Uşağı evdən çölə buraxmağa qorxuram ki, təcavüz edənin biri çöldə sərbəst gəzir. Yolda vurub uşağımı öldürsə prokuror deyəcək ki, özün öldürübsən. İmkanım yoxdur deyə, vəkil də tuta bilmirəm. 

Sentyabrın 10-da məhkəmənin baxış iclası keçirildi bir iki cümlə ilə. Məhkəmədə 9 ay iş vermişdilər, ona etiraz etdim. Getdim əlavə 300 manat verdim vəkilə, məktub yazdırdım apellyasiya məhkəməsinə ki, 9 ay iş nədir ki? Onda qabağıma keçənə təcavüz edib, 9 ay yatıb çıxaram da. 

Dəfələrlə çöllük ərazidə Sənan Pənahov oğluma təcavüz edib. Məhkəmə bunları bilə-bilə heç birini nəzərə almır, amma təcavüz edənin uşağını nəzərə alıb, ona 9 ay iş verib. Vurğuladım ki, prokuror, məhkəmə, müstəntiq hamısı təcavüz edənlərin tərəfini saxladı, hakim də mənə dedi ki, prokuror sənin tərəfini saxlayıb, kağız göndərib ki, işi artırılsın. Mən də dedim ki, prokuror gördü ki, yoldaşım sosial şəbəkələrdə bir ana kimi fəryad edib özünü yerə çırpdı ki, bunlar cəzasını alsın, prokuror qorxudan onu göndərdi. Yəni ki, guya hə biz də istəyirik ki, bu, cəzasını alsın”. 

Yetkinlik yaşına çatmayan təcavüz qurbanı məktəbdən necə qovula bilər? Bu kimi insidentlərə aidiyyatı dövlət və qeyri-hökumət qurumlarının reaksiyası necə olmalıdır? Təhsil kursunda dərs deyən müəllim əslində necə davranmalı idi? 

Bu və digər suallara növbəti materiallarımızda cavab tapmağa çalışacağıq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar