“Azərbaycan Yazıçılar Birliyinə yeni qüvvə gəlməlidir. Yaşından asılı olmayaraq. Ola bilər, insanın 90 yaşı var, amma şüuru demokratik, aydın, açıqdır. Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur. Bu fərqi görməliyik. AYB-dəki ab-hava təzələnməli, kabinetlərin boğulmuş havası dəyişilməli, ora oksigen gəlməlidir. İndiki ab-havada olmaz. Anarı deyib, durmuşuq. Amma Çingiz Abdullayev... Bunu bir dəfə də demişəm, onu Yazıçılar İttifaqına Ayaz Mütəllibov göndərmişdi. O vaxt Anara etiraz etdim ki, birbaşa yuxarıdan adamı katib göndərmirlər. Bu, seçkili orqandır. Anar dedi ki, Çingizlə işin olmasın, o, maliyyə işləri ilə məşğul olacaq. Həmin o maliyyə işləri ilə məşğul olan adam Anar qədər orada oturub”.
Bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.
“Məsələn, Rəşad Məcid çevik, ağıllı, müasir düşüncəli, peşəkar jurnalistdir. Rəşad Məcidin “525-ci qəzet”i Azərbaycan mətbuatı tarixində hadisə olası bir şey idi. İndi Rəşad Məcid gəlib AYB-də hansı yeniliklə maraqlanır? Yəni AYB-də mühit tamamilə dəyişməlidir. İnanmıram ki, Anar AYB-də qala. Amma getməsinə də bir az şübhə ilə yanaşıram. Bəlkə, iştahı gələcək, deyəcək ki, məsləhət gördülər, hələ bir az da oturum. Faktiki yəqin, gedəcək. O gedəndən sonra gərək AYB-də formal dəyişiklik olmasın”, - o bildirib.
Aytəkin Qardaşova