Dövlət Satınalmaları Portalına görə “Az.Arxitektura” MMC son 4 ildə 9 milyon manatdan çox tender müqaviləsi imzalayıb. Bu şirkət, digər şirkətlərin əldə edə bilmədiyi imtiyazlara görə Azərbaycan mətbuatında tez-tez gündəmə gəlir.
Meydan TV şirkətin kimə məxsus olduğunu, hansı imtiyazlara sahib olduğunu, bu imtiyazın necə əldə edildiyini, onlarla tenderlərdə milyonluq vəsaitləri necə qazandığını araşdırıb.
“Az.Arxitektura” MMC hansı tenderləri udub?
Şirkət ən son 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazini əhatə edəcək yeni istirahət parkının layihə-smeta sənədlərinin hazırlanması üçün keçirilən tender müsabiqəsinin qalibi elan olunub.
Müsabiqənin nəticəsinə görə şirkət 2 milyon 387 min 833 manat 84 qəpik vəsait alacaq.
Müsabiqəni Bakı meriyasının tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC həyata keçirib.
Bundan əlavə, şirkət Ağdamın 4 kəndinin layihələndirilməsi işlərini də həyata keçirib və 2,2 milyon manat əldə edib.
Bəs bu şirkət kimindir, arxasında kim dayanır?
“Az.Arxitektura” 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min 10 manat olan MMC-nin hüquqi ünvanı Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, ev 29A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur.
Linkedin səhifəsində özünü mühəndis-dizayner kimi tanıdan 22 yaşlı Yunis Şükürlü Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Yunis oğlu Şükürovun oğludur.
Sahib Şükürov 2022-ci ildə Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Bu vəzifəyə təyin olunmamışdan əvvəl isə Sahib Şükürov Göyçay rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifələrini icra edib.
Oğlu Yunis Şükürlü həmçinin “Global Engineering Management Company” MMC adlı şirkətin də qanuni təmsilçisidir. O, bu şirkəti 2022-ci ildə, yəni 19 yaşında yaradıb.
Bu şirkət də rəsmi qurumlar üçün əsasən layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması tenderlərinin qalibi olub. Dövlət satınalmalarının vahid internet portalına görə, son üç ildə şirkət 30 tenderin qalibi elan edilib.
Bu arada şirkət keçən il etibarsız təchizatçı reyestrinə düşən şirkətlərin siyahısında da yer alıb.
Bəs belə olan halda nə üçün dövlət orqanları, məsələn, MİDA, Bakı Şəhər İcra Hakimiyyəti kimi rəsmi qurumlar bu şirkətlə əməkdaşlıq edirlər?
Hər iki şirkətin qısa müddətdə bu qədər tender qazanması, onların arxasında güclü əlaqələrin ola biləcəyi şübhəsini doğurur.
Müxtəlif dövlət qurumlarında vəzifə sahibi olmuş Sahib Şükürovun YAP-ın Göyçay rayon təşkilatının sədri olması, tender proseslərində mümkün təsir imkanlarını gündəmə gətirir.
Şirkətlərin bu qədər tender qazanmasının arxasında hansı amillər dayanır? Hakim siyasi partiya orqanında seçilmiş vəzifəli şəxs olan ata Sahib Şükürovun siyasi mövqeyi tender proseslərinə təsir edirmi?
Yunis Şükürlünün gənc yaşda bu cür irimiqyaslı layihələri idarə etmək üçün kifayət qədər təcrübəsi varmı?
Bütün bu suallar dövlət satınalmalarında ədalətli rəqabətin mövcudluğunu şübhə altına alır.
Suallara cavab almaq üçün Meydan TV İqtisadiyyat Nazirliyinə sorğu göndərsə də, hələlik heç bir cavab verilməyib.