Paytaxtın bir sıra ərazilərində yenə susuzluq məşəqqəti yaşanmaqdadır. Dövlət Su Ehtiyatları Agentliyi əhalini yayın istisində su problemi ilə "imtahana çəkməyə" davam edir. Anxeber.az məlumat verir ki, hazırda Bakının Yeni Günəşli, Qaraçuxur, Bakıxanov ərazilərində su yoxdur, yaxud fasilələrlə verilir. Ötən əhaliyə verilən zülmü baş verən qəza ilə əlaqələndirmişdilər, bu il də oxşar müsibət yaşanır, lakin heç bir izah verilmir. Xüsusən də Yeni Günəşlidə su problemi tez-tez yaşanır. Sosial şəbəkələrdə də bu haqda çoxsaylı şikayət görmək olar. Həmçinin keçmiş deputat Etibar Əliyev 9 gündür ki, Qaraçuxurda su olmadığını bildirib. Bir sözlə, Suraxanı, Sabunçu, habelə Abşeron rayonlarında Kərbəla müsibəti yaşanmaqdadır. Ümumiyyətlə, ADSEA rəhbərliyi bu vəziyyətə heç nə olmamış kimi susqunluq nümayiş etdirir. XXI əsrdə - hər şeyin inkişaf etdiyi vaxtda Bakı camaatı niyə 90-cı illərin problemini təkrar yaşamalıdır? Ancaq bu suala Zaur Mikayılov cavab vermək istəmir. Sanki dövlətin strateji qurumuna rəhbərlik etmir. Su qədər əhəmiyyətli, strateji və təhlükəsizlik ikinci mövzu yoxdur. Ancaq Yeni Günəşlidən ta şəhərin digər yerlərinə qədər yenə susuzluqdur. Eyni vəziyyət Bakıxanovda yaşanır. Amma izahat verilmir.
Anxeber.az
Azər Talıbov