ABŞ prezidenti Donald Tramp deyir ki, ABŞ ordusu İranda üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana zərbələr endirib və missiyanı yerinə yetirən təyyarələr artıq ABŞ-yə qayıdır.
“Təyyarələrin hamısı hazırda İranın hava məkanından kənardadır. Əsas obyekt Fordoya BOMBALAR buraxılıb. Təyyarələr geri qayıdır”, – Tramp iyunun 21-də social media postunda yazıb.
İsrailin KAN ictimai televiziyası ölkə rəsmisinə istinadla bildirib ki, zərbələr Vaşinqtonla tam koordinasiyalı şəkildə icra olunub.
Tasnim agentliyinə danışan İran rəsmisi Fordo nüvə obyektinin bir hissəsinin “düşmənin hava zərbələri”nə məruz qaldığını təsdiqləyib. İranın dövlət televiziyası hücumların əhəmiyyətini azaldaraq bildirib ki, nüvə materialı zərbələrdən öncə 3 obyektdən yığışdırılıb.
İranın atom enerjisi təşkilatı Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumları təsdiqləyib, “barbarcasına” hücumların beynəlxalq hüququ pozduğunu bildirib, onu da əlavə edib ki, bu, “milli industriyanı” dayandırmayacaq.
BMT Təhlükəsizlik Şurasının keçmiş üzvü Bret MakQurk deyib ki, bunkerqıran bombadan istifadə “hərb tarixində bir ilkdir”. O bu silahın “Fordo kimi hədəf üçün hazırlandığını” qeyd edib.
Tramp ABŞ ordusunun İsrail-İran müharibəsində birbaşa iştirakını nəzərdən keçirirdi. O, iki gün öncə demişdi ki, İranın nüvə obyektlərini dağıtmağa çalışan İsrailə qoşulmaqla bağlı “iki həftə ərzində” qərar verəcək.
İyunun 21-də yayılan xəbərlərdə deyilirdi ki, bunkerqıran bombaları daşımağa qadir B-2 radarlarda görünməyən bombardmançı təyyarələri ABŞ-dən çıxıb və Sakit Okean üzərində uçur.
ABŞ və İsrail rəsmilərinin daha öncə dediklərinə görə, Birləşmiş Ştatlar İranın yerin altında yerləşən nüvə obyektlərinə zərbə endirmək gücündə olan yeganə ölkədir.
No media source currently available
İsrail və İran iyunun 13-dən bəri bir-birinə dağıdıcı zərbələr endirir. İsrail həmin gün İrana qarşı hava zərbələrinə başlayıb, Tehranın nüvə silahı hazırlamasının qarşısını almağa çalışdığını deyib. İran isə nüvə proqramının niyyətinin atom bombası hazırlamaq olmadığını bildirir.
İran prezidenti Məsud Pezeşkian iyunun 21-də deyib ki, ölkəsi nüvə proqramını “heç bir şəraitdə” dayandırmayacaq. Xarici işlər naziri Abbas Ərağçi isə xəbərdarlıq edib ki, ABŞ ordusunun iştirakı “hər kəs üçün çox, çox təhlükəli olar”.
Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində Pezeşkian deyib ki, İran “dinc nüvə fəaliyyəti sahəsində etimadın qurulmasından ötrü müzakirəyə və əməkdaşlığa hazırdır”.
“Ancaq biz heç bir şəraitdə nüvə fəaliyyətini azaltmağa razı deyilik”, – o əlavə edib.
İsrailin iyunun 21-də bildirdiyinə görə, İranın daha 3 komandiri öldürülüb. SEPAH isə İsraildə “strateji hədəflərə” “kamikadze dronları” buraxıldığını açıqlayıb.
AnXeber.az