Bakının müxtəlif ərazilərində su problemi hələ də qalmaqdadır. Paytaxt iki həftədən çoxdur ki, susuzluqdan əziyyət çəkir. Amma bu müddət ərzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən heç bir izahat yoxdur.
Anxeber.az bildirir ki, su problemi əhalini 19-cu əsrin əvvəllərinə qaytarıb. Hazırda sakinlər əllərində boş qablarla su gələn yerlər axtarır, şəhidlər üçün tikilən bulaqlara üz tutmağa məcbur olurlar.
XXI əsrdə müasir insan əlində qabla şəhəri küçə-küçə gəzib su axtarırsa, deməli, ADSEA Bakını Afrika şəhərlərindən birinə döndərib.
Hazırda Bakıxanov qəsəbəsi, Yeni Günəşli massivi, Qaraçuxur, Xırdalan və digər yerlərdə hələ də su problemi mövcuddur. Sakinlər suyun gün ərzində 1-2 saat verildiyini bildirirlər. Artıq iyul ayı başa çatır və yayın ən isti dövrünü yaşayırıq, Bakı əhli isə mövsümü susuzluq əzabı ilə keçirir.
Təbii ki, ADSEA rəhbərliyi işinə məsuliyyətli yanaşsaydı, paytaxt susuz qalmazdı. Ötən il də oxşar cəhənnəm yaşadılmışdı, bu il də eyni fəlakət hökm sürür. Görünən budur ki, Zaur Mikayılov öz vəzifəsinin öhdəsindən gələ bilmir. Ona görə də bu sahənin idarəçiliyində dəyişikliklərə ehtiyac hiss olunur.
“Nəvəmi çimizdirmək istəyirik. Düşürəm su daşımağa. Nəvəm babasına kömək edir: Balaca vedrəsini götürüb və qapıda hazır vəziyyətdə dayanıb”, - deyə Qaraçuxurda yaşayan eks-millət vəkili Etibar Əliyev bu barədə yazıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən isə bildirilib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır. Necə komik və absurd izahdır. Yəni uşaq da bilir ki, yayda hava kəskin istiləşir və suya tələbat artır. Bu “izahatda” qeyri-adi hansı söz var? Elə qurumun vəzifə borcu odur ki, belə hava şəraitində suyun verilməsini fasiləsiz təmin etsin. Bu açıqlamanı sadəcə, bacarıqsızlığın, səriştəsizliyin, əhaliyə işgəncə verməyin etirafı kimi qəbul etmək olar.
Anxeber.az