Seymur Orucov Ağstafa rayonuna icra başçısı 5 il əvvəl təyin olunub. Onunla eyni vaxtda Mirhəsən Seyidov da Neftçada oxşar posta gətirildi. Hər ikisi gənc idi və Prezident İlham Əliyev onları qəbul edəndə etimad göstərdiyini bildirmiş, işləməyi, özlərini təsdiqləməyi tapşırmışdı.
Bu, dövlət rəhbərliyinin gənclərə yaratdığı böyük fürsət idi və rayonların idarəçiliyini onlara həvalə edirdi. Artıq o zaman idi ki, kadr siyasətində cavanlaşma siyasəti başlanmışdı.
Amma hər iki gənc başçı barəsində indiyə qədər saysız-hesabsız tənqidlər, faktlar, şikayətlər var. Onların dövründə nə Ağstafa, nə Neftçala inkişaf etdi. Elə son günlərdə ən çox gündəmə gələn Ağstafa İH rəhbəri Seymur Orucovdur. O, 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 2020-ci ildə icra başçısı təyin olunub.
Anxeber.Az məlumat verir ki, icra başçısı gündəmə öz qohumunun onu ittiham etməsi və həbsi ilə gəlib. Bu da istər gənc olsun, istər yaşlı, məmuriyyətdə, idarəetmədə ciddi problemlərin olduğunu bir daha gözlər önünə sərdi.
Belə ki, Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barələrindəki qərardan verdikləri kassasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
Rəşad Babayev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohumudur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib.
Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, əvvəllər rabitə sahəsində mühasib işləyib. Sonradan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb.
İttihama görə o, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10 min 842 manat 97 qəpik maaş yazıb.
Beləcə qurumun 194 min manatını mənimsəyib. Təsəvvür edin – bir rabitə idarəsinin həmkarlar təşkilatının baş mühasibi özünə ayda 10 min maaş yazır.
Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib.
Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.
Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib.
İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb.
Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.
Bütün bu faktlar ortadadır. İcra başçısı çirkin işlərdə iştirak edib. Amma məsuliyyətə cəlb olunmayıb. Ən azından istintaqa ifadə verməmiş olmaz. Rəşad Babayev məhkəmədə deyir ki, tapşırıqları Seymur Orucovdan alıb, mənimsəməyə məcbur edilib, hətta etiraf edir ki, işə bərpa ilə bağlı aldığı 20 min manatı icra başçısına verib, lakin yenə də Ağstafa rayon rəhbəri bu prosesdən qurtula bilib. Görünür, ciddi himayə olunub.
Məsələ ondadır ki, prezident icra başçısına Ağstafanın inkişafı, yerli camaatla işləməyi tapşırıb. Amma o, qohumu ilə əlbir olaraq yeyintilərə yol verib, işə düzəltmək üçün pul almaqda iştirak edib.
Qeyd edək ki, Ağstafanın icra başçısı biznesi ilə gündəmə gəlmişdi. Seymur Orucov Gədəbəydə "Daşlıq Bulaq-A" MMC açıb və 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla bulağın suyunu gətirib bu müəssisədə qablaşdırır. Saatda nə az, nə çox, 8000 litr su şüşələrə doldurulur, oradan marketlərə çatdırılır. Yəni daha əvvəlki icra başçılarının aqibəti məmurlar üçün örnək olmur.
Anxeber.Az