Çinin liderlik etmək istədiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) platformasında və ümumiyyətlə qlobal siyasətdə davranışını oxumaq üçün bir neçə dərin məqam var. Mən bunları, sadəcə, təbliğat prizmasından deyil, real geosiyasi maraqlar fonunda izah edim.
Əvvəla "Çin nə edir?" sualına cavab axtararkən, bu yandan da "Pekin “Alternativ qlobal mərkəz” qurmaq oyununu hara qədər davam etdirə biləcək?" sualı doğur.
Heç kəsə sirr deyil ki, Si Cinpin rəhbərliyində Çin, qarşısına əsas məqsəd kimi, Qərbin hegemonluğunu tədricən zəiflətməyi qoyub. ŞƏT, BRICS və oxşar formatlar bunun üçün vasitədir. Amma Çin çox yaxşı bilir ki, bu təşkilatlarda toplanan ölkələrin maraqları bir-birinə ziddir: Hindistanla Pakistan düşməndir, İranla Türkiyə rəqibdir, Mərkəzi Asiya ölkələrinin, eləcə də bizim Azərbaycanın və Ermənistanın Rusiyaya qarşı gizli-açıq narazılığı var və s.
Bu səbəbdən ŞƏT, hadisələrə hardan baxsaq, NATO tipli hərbi alyans yox, daha çox “Qərbə qarşı etiraz klubu” görüntüsü verməkdədir. Və aydındır ki, Çin burada lider imici qazanmaq istəyir.
İndi çoxları bu sual qarşısında baş sındırır: Çin nə etmək istəyir?
Əvvəla onu deyim ki, Pekin üçün vazkeçilməz məsələ qlobal iqtisadi şəbəkənin alqoritmini yenidən yazmaqdır. Si Cinpin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü irəli sürəndə, məqsəd Çini Avrasiya qitəsinin əsas logistika və iqtisadi mərkəzinə çevirmək idi. ŞƏT burda, sadəcə, siyasi örtük rolunu oynayır.
Bundan başqa, ABŞ-ın Asiyada hegemonluğunu balanslaşdırmaq rəsmi Pekinin əsas qayğılarındandır. Çinin başlıca qorxusu ABŞ-ın Hindistan, Yaponiya, Cənubi Koreya və Avstraliya ilə birlikdə yaratdığı təhlükəsizlik alyanslarıdır (AUKUS, QUAD). ŞƏT səhnəyə həm də buna “rəqib blok” effekti yaratmaq üçün çıxır.
Baxıram, adamlar hər şeydən danışırlar, amma ÇXR-nin real daxili ictimai-siyasi vəziyyətinə toxunan yoxdur. Halbuki orda da hər şey göründüyü qədər rəvan və monolit deyil. Elə buna görədir ki, ŞƏT-in ən son təmtəraqlı sammiti, ardınca hərbi paradla Çin öz xalqına və cəmiyyətinə göstərmək istəyir ki, “Baxın, biz təkcə regional güc yox, həm də qlobal supergücük”. Bu, istər ideoloji, istərsə də daxili siyasi sabitlik üçün çox vacibdir.
Qaldı ki, çinlilərin hərbi paradına, etiraf edək, bu parad birbaşa “güc nümayişi” idi. Pekin Qərbin siyasi mərkəzlərinə mesaj verir ki, “Bizimlə hesablaşmadan qlobal masa qurmaq mümkün deyil. Biz təkcə iqtisadi güc yox, həmçinin hərbi gücük”.
Fikrimcə, son illərə qədər tayı-bərabəri görülməmiş bu paradla hər zaman ordusu ilə qürrələnən şimal qonşumuz Rusiyaya mesaj daha orijinaldır. Pekin Kremlə işarə edir ki, “Sən zəifləsən də, biz yanındayıq, amma əsil lider kimdir tanıyın.” Bu, Kremlə yumşaq şəkildə “böyük qardaş bizik” mesajıdır.
Əlbəttə, bu paraddan ŞƏT ölkələrinə də bir eyhamlı ismarıc çıxarmaq olar: “Çin ordusu regionda hərtərəfli həlledici qüvvədir və siz təhlükəsizlik baxımından bizdən asılısınız.”
Bir sözlə, hələlik Si Cinpin ssenaristi və quruluşçu rejissoru olduğu məlum tamaşada, bir müddətlik də olsa, bunun keyfini çıxaracaq.
Məni isə hər şeydən əvvəl, bütün baş verənlər fonunda Çin-Rusiya münasibətləri daha çox maraqlandırır.
Bu mənada, Çinin hazırda Rusiyanı strateji resurs bazası və geosiyasi narazılıq generatoru kimi saxladığını iddia etsəm, yəqin çoxu mənimlə razılaşar. Pekin heç vaxt Moskvanı bərabər tərəfdaş görmür. Əksinə, Rusiya bu gün Çinin ucuz enerji və təbii resurs satıcısı və Qərbə qarşı “döyüşən əsgəri” rolundadır.
Çin çalışır ki, Rusiya tam çöküb Qərbə təslim olmasın (çünki onda Pekin tək qalacaq), amma eyni zamanda Moskva güclənib müstəqil liderə də çevrilməsin. Bax, belə qəribə-qəribə işləri var qlobal siyasətin. Ağcaqanadın peşoyu qədər incə.
BƏS YAXŞI, ÇİN VƏ RUSİYANI HƏRBİ MÜTTƏFİQ HESAB ETMƏK OLAR?
Çin üçün əsas prioritetin iqtisadiyyat və bazarlar olduğunu bu gün balaca uşaq da bilir. Çin iqtisadiyyatı ixracat üzərində qurulub. ABŞ və Avropa İttifaqı Çinin ən böyük ticarət tərəfdaşlarıdır (ABŞ və Aİ birlikdə Çinin ixrac bazarının təxminən 45–55%-ni təşkil edir). Bu bazarları itirmək Pekin üçün strateji fəlakət olardı.
Ona görə Çin heç vaxt Rusiyanı açıq hərbi müttəfiq kimi müdafiə etməyə getməz. Rusiya ilə münasibətlər, olsa-olsa fürsətçillikdir. Çin Rusiya ilə daha çox iqtisadi və geosiyasi alət kimi işləyir. Rusiyadan ucuz qiymətə neft və qaz almaq, Rusiyanın Qərbdən təcridini öz maraqlarına çevirməklə Çin şirkətlərinin Rusiyada mövqelərini gücləndirməsi Pekin üçün strateji əhəmiyyət kəsb edir.
Bir yandan da Ukrayna savaşı yaxşı fürsət yaradıb, çinlilər bu müharibədən istifadə etməklə Rusiyanı Qərbə qarşı siyasi təzyiq aləti kimi istifadə edirlər. Dəstək? Bəli, var, amma bu dəstək hesablanmış, selektiv və məhdud dəstəkdir, tam müdafiə yox!
Sual oluna bilər ki, Kremli tam mənası ilə dəstəkləsə Pekin üçün hansı risklər yarana bilər? Əgər Çin Rusiyanı açıq şəkildə müdafiə etsə və ya onun hücumlarını dəstəkləsə, Avropa və ABŞ-dan sanksiyalar görünməmiş miqyasda sərtləşəcək, yüksək texnologiyalara çıxış məhdudlaşdırılacaq, ixrac bazarlarının daralması təhlükəsi yaranacaq.
Bu isə Çinin "Made in China 2025" və "Bir Kəmər, Bir Yol" kimi qlobal mahiyyət daşıyan layihələrinə ciddi zərbədir.
Ona görə də Çin olaya strateji məna verərək, tamamilə hiyləgər yoldan gedir. Çin Rusiya ilə “təhlükəli müttəfiqlik” yox, “idarə olunan tərəfdaşlıq” kursu götürüb. Siyasi olaraq Qərbə qarşı Moskvanı arxa planda dəstəkləyir. İqtisadi olaraq isə, Rusiyanı özündən asılı vəziyyətə salır. Amma heç vaxt Qərblə açıq qarşıdurmaya getməməyə çalışır. Buna lüzum görmür.
Hər kəsin dilinə düşmüş yeni dünya düzəni dizaynı fonunda Çin Rusiyanı müəyyən qədər dəstəkləyəcək, ondan ucuz resurslar almağa davam edəcək, bununla da Qərbə qarşı diplomatik balans yaradacaq. Amma Pekindən Moskvanı tam müdafiə edəcəyini və ruslarla hərbi müttəfiqlik gözləmək olmaz, çünki Pekin üçün Avropa və ABŞ bazarlarını itirmək, qlobal iqtisadi liderlik iddiasına balta çalmaq deməkdir.
Əslində Çin Ukrayna-Rusiya müharibəsinin uzanmasını istəyir. Çünki zəifləyən Rusiya Pekindən daha çox asılı qalır, amma Çin özünü "təhlükəli tərəfdaş" kimi göstərməmək üçün rola girib ki, həm Qərbdən, həm Moskvadan qazana bilsin.
Yuxarıda təhlilə çevirdiyimiz fikirlərin hamısından çıxardıgımız qənaət budur ki, Çin ŞƏT kimi sammitlərdə, hərbi paradlarda və ritorikada bir yandan qlobal güc imici qazansa da, real planda ABŞ və Avropa ilə toqquşmadan qaçmaq yolu tutur. Ona görə ŞƏT tipli birliklər real ittifaq yox, daha çox psixoloji-siyasi şou funksiyası daşıyır.
Başqa sözlə, Çin nə NATO qurur, nə də həqiqi müharibəyə girməyi planlaşdırır. O, sadəcə dünyaya göstərmək istəyir ki, “Biz artıq təkcə istehsal zavodu deyilik, siyasi və hərbi supergücük”.
Mirza Rashad
AnXeber,AZ
