İstanbuldan Bakıya 41 qızıl külçə gətirən Səfər Səfərov və onu Bakıda hava limanında gömrükdənkənar yolla keçirməyə yardımda suçlanan Dövlət Gömrük Komitəsi əməkdaşı Əfsər Mirzəliyevin hər birinə 5 il həbs cəzası verilib. Sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və koordinasiya şöbəsinin böyük inspektoru olmuş Ə.Mirzəliyevlə S.Səfərov əlbir şəkildə 461 min manat dəyərində 3 kiloqram 145 qram qızılı gizli yolla ölkəyə keçirməkdə ittiham edilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci və 206.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və qulluq növqeyindən istifadə edilməklə qaçaqmalçılıq) maddələriylə ittiham irəli sürülüb.
Ə.Mirzəliyevin vəkili Hikmət Əliyev məhkəmə prosesinin gedişində onun ev dustaqlığına buraxılması barədə vəsatətlər versə də, rədd cavabı alıb.
Ə.Mirzəliyev jurnalistlərin məhkəmədə iştirakına, orada üzə çıxan məsələlərin ictimailəşməsinə etiraz etdiyindən prosesə jurnalistlər buraxılmayıb.
Cinayət işinin materiallarında göstərilib ki, ötən il dekabrın 27-də gecə saat 04:50 radələrində İstanbul-Bakı aviareysi ilə gələn S.Səfərov üstündə çəkisi 3 kiloqram 145 qram olan 41 ədəd qızıl külçə gətirib. O, qızılı gömrükdən yayındırıb keçirmək üçün gömrük əməkdaşı Ə.Mirzəliyevlə öncədən razılaşıb.
Cinayət işi üzrə araşdırmalar əvvəl Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində getsə də, sonradan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirilib.
Ötən ilin noyabrında Azərbaycanın ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi, polkovnik-leytenant Qəhrəman Məmmədov da Türkiyədə 70 kiloqram qızıl külçə ilə saxlanılaraq Azərbaycana gətirilib. Bu məsələ ilə bağlı istintaq araşdırmaları Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır.