Sizin Reklam Burada
Tel: 050 378-66-61

İldə 10 qəpiklik bahalaşma ilə ictimai nəqliyyatda aparılan “islahatlar”

Dünən, 09:45   


Oktyabrın 1-dən etibarən metro və ictimai nəqliyyatda gediş haqları 10 qəpik bahalaşacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, tariflərin tənzimlənməsində məqsəd sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaqdır.

Açıqlamaya əsasən, müasir tələblərə cavab verən və yalnız nağdsız ödənişlə fəaliyyət göstərən şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq dəyişir) 60 qəpik müəyyənləşib.

Nazirliyin məlumatına görə, bu dəyişiklik ilkin mərhələdə paytaxtın tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişməyəcək.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində, həmçinin Bakı–Sumqayıt, Bakı–Abşeron, Sumqayıt–Abşeron və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik yalnız nağdsız ödəniş vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 2025-ci il yanvarın 1-dən sonra istehsal edilmiş dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Bahalaşma fonunda “islahatlar”

Nazirliyin açıqlamasından aydın olur ki, yeni avtobus parkının genişləndirilməsi və ekoloji təmiz avtobuslara keçid hədəfləri gediş haqlarının artırılmasını zəruri edir. Halbuki, ictimai nəqliyyatın yüksək standartlarda təminatı və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas sosial proqramlarından biri olmalıdır. Bu yük heç bir halda əhalinin üzərinə düşməməlidir.

Ekspertlərin hesablamalarına görə, hazırda Azərbaycanda ictimai nəqliyyat xərcləri minimum əməkhaqqının ən az 6 faizini təşkil edir. Belə ki, 400 manat əməkhaqqı alan vətəndaşın 22 iş günündə gündəlik ən azı 2 gediş istifadəsi onun gəlirlərinin 5,5 faizini tutur. Oktyabrın 1-dən isə 20 faiz bahalaşma minimum əməkhaqqının ən azı 7 faizini təşkil edəcək.

Sonuncu dəfə gediş haqları 2024-cü ilin iyul ayında 40 qəpikdən 50 qəpiyə qədər artmışdı. Üzərindən bir il keçdikdən sonra daha 20 faiz bahalaşma aşağı və orta gəlirli, həmçinin çoxuşaqlı ailələr üçün ciddi təsir göstərir. Xüsusilə, ailənin bir neçə üzvü gündəlik nəqliyyatdan istifadə edirsə, həmin ev təsərrüfatlarının xərcləri əhəmiyyətli dərəcədə artır. Bu artım minimum əməkhaqqı alanların, qeyri-rəsmi işçilərin, tələbələrin, pensiyaçılar və çoxuşaqlı ailələrin büdcələrinə təsir göstərir.

Dünyanın əksər ölkələrində ictimai nəqliyyatda mobilliyi artırmaq və həssas qrupların yol xərclərinin bir hissəsini kompensasiya etmək üçün əhalinin müxtəlif təbəqələri üçün diferensial yanaşma tətbiq olunur. Eyni zamanda istifadə müddətinə görə (günlük, aylıq, illik) gediş haqları kartları da təklif edilir. Azərbaycanda isə hər il təxminən 25-20 faiz bahalaşma ilə “islahatlar” aparılır.

Məsələ ilə bağlı Meydan TV-yə münasibət bildirən Natiq Cəfərli bahalaşmanı ictimai nəqliyyatın keyfiyyətinin artırılması kimi təqdim edilməsini absurd hesab edib:

Illustration : Meydan TV

İndiyədək ictimai nəqliyyatda bir neçə dəfə qiymət artımı olub. Son illərdə gediş haqları 20 qəpikdən 60 qəpiyə qədər bahalaşıb. Bu artımlar ictimai nəqliyyatda keyfiyyətin yüksəlməsinə səbəb oldumu? Təbii ki, xeyr. Qiymət artımı ilə keyfiyyətin artırılması absurd səslənir”.


N.Cəfərli qeyd edir ki, əvvəlcə keyfiyyət artırılmalı, sonra qiymət yüksəldilməlidir:

“Hər dəfə rəsmi qurumlar qiymət artımını əsaslandırarkən keyfiyyətin yüksələcəyini deyirlər, amma əhali bunu görmür. Təbii ki, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün bu əlavə maliyyə yüküdür”.

Qiymətlər niyə artır?

Bir neçə həftə öncə hökumət mediasında ictimai nəqliyyatda gediş haqlarının bahalaşdırılmasına zəmin yaradacaq materiallar yayımlanmağa başladı. Həmin materiallarda daşıyıcı şirkətlərin sahibləri maliyyə çatışmazlığından şikayət edərək, gündəlik gəlirin aylıq xərcləri ödəməyə kifayət etmədiyini, zərərlə işlədiklərini bildirirdilər.  

Ötən həftə isə AYNA İdarə Heyətinin sədri Anar Rzayev də eyni tezisi təkrarlayaraq, jurnalistlərə verdiyi açıqlamada 50 qəpiklik gedişhaqqının çox az olduğunu vurğuladı:

“Real hesablasaq, daşınma xərcləri ödənilən 50 qəpikdən xeyli yüksəkdir”.

Anar Rzayev bildirib ki, Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsinə dair fərmanından irəli gələrək, yeni sistem tətbiq olunacaq:

“Hazırda sərnişinlər bir avtobusdan digərinə keçərkən əlavə olaraq 50 qəpik ödəməli olur ki, bu da vətəndaşların xərclərini artırır. Yeni sistemdə isə məqsəd bir saat ərzində aktiv olacaq vahid bilet tətbiq etməkdir”.

Rzayev qeyd edib ki, avtobus marşrutlarının istiqamətləri bəzi hallarda sərnişinlər üçün əlavə ödənişə səbəb olur. Gözlənilən dəyişikliklər isə bu problemin aradan qaldırılmasına yönəlib. İlkin mərhələdə məhz inteqrasiya olunmuş bilet modelinin tətbiqi nəzərdə tutulur.
 

Sentyabrın 19-da Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması barədə fərman imzalayıb. Fərman əsasən, Fondun vəsaitindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərləri və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşımalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi nəzərdə tutulur.

Ekspertlər bildirirlər ki, böyük şəhərlərdə ictimai nəqliyyatın səmərəli təşkili üçün subsidiyalaşdırma geniş şəkildə tətbiq olunur. Bunun üçün əsas mexanizmlərdən biri “Brutto” modelidir. “Brutto” modelinin əsas xüsusiyyəti hər kilometr üçün dövlət subsidiyasının ayrılmasıdır. Bu sistemlə gündəlik, həftəlik, aylıq, yarımillik və illik abunə biletləri, tələbələr, təqaüdçülər, əlillər üçün güzəştli və ya pulsuz keçid imkanları təmin edilə bilər.

Bu model sərnişinlər üçün həm rahatlıq, həm də maliyyə qənaəti təmin edir, daşıyıcılar üçün isə sabit gəlir imkanı yaradır. Bütün qonşu ölkələrdə bu sistem artıq tətbiq olunur, Azərbaycan isə gecikir.

İqtisadçı Natiq Cəfərli diferensial qiymətə keçidin bu qədər gecikməsinin mənasını başa düşmür:

“Dünyada bir çox ölkə bu sistemə çoxdan keçib və bunun üçün böyük xərc də tələb olunmur. Avadanlıqların alınması, quraşdırılması və nağdsız ödəniş sistemlərinin təşkili kifayətdir ki, diferensial qiymətə keçid mümkün olsun. Hətta 10 il əvvəl biz bununla bağlı təkliflər vermişdik. Gediş haqları üçün saatlıq, gündəlik, aylıq, yarımillik və illik biletlər olmalıdır. Vətəndaş nə qədər uzun müddətli bilet alırsa, qiymət bir o qədər ucuz olmalıdır. Birdəfəlik gediş haqqı vətəndaşı, ümumiyyətlə maraqlandırmamalıdır. Dünyanın hər yerində birdəfəlik gediş haqları turistlər üçündür”.

Nazirliyin qiymət arımı ilə bağlı  son açıqlamasında isə hələ ki, “Brutto” sisteminə keçidlə bağlı hər hansı ciddi islahata rast gəlinmir. Bahalaşmanın əsas məqsədi kimi göstərdikləri “keyfiyyətin artırılması” isə yeni ekoloji təmiz, elektrik avtobuslarının alınması ilə izah olunur. Məlumata görə, növbəti illərdə hər il təxminən 400 yeni avtobus alınması və daşımalara cəlb edilməsi nəzərdə tutulur. Elektrik avtobusların orta qiymətinin 500 min manat civarında olduğunu nəzərə alsaq, ildə təxminən 200 milyon manat vəsait tələb olunur.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

{sape_links}