Sizin Reklam Burada
Tel: 050 378-66-61

Gəncənin keçmiş başçısının ağlı başında olması müəyyənləşdirilir

2-06-2021, 08:53   


Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onunla bağlı tibbi ekspertizaya qərar verilib. Ona qarşı sui-qəsd işini araşdıran Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 25-də bu haqda qərar çıxarsa da, hələ ekspertiza keçirilməyib.
Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslərin vəkilləri də, yaxınları da bunu gecikmiş qərar sayır. Üstəlik, məqsədin məhz keçmiş icra başçısının gerçək durumuna aydınlıq gətirmək olduğuna da inanmırlar. Şübhələrini də bununla əsaslandırırlar ki, məhkəmə davam etdiyi bir ildən artıq müddətdə vəkillər belə bir ekspertizanın keçirilməsi haqda dəfələrlə vəsatət vermişdilər. Amma bu dəfə “hə” deyən hakimlər onların heç birini təmin etməmişdi.
Sabiq icra başçısına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı da tamamlanmışdı. Prokuror Səfərova ömürlük, digərlərinə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəmişdi.

“Elələri var ki, ağır xəstəliklərdən əziyyət çəkirlər”

Vəkil Zibeydə Sadıqova deyir ki, məhkəmə bu vəsatəti əvvəldən təmin etməliydi. Çünki Vəliyevin durumuna aydınlıq gətirilmədən məhkəmə istintaqını yekunlaşdırmaq olmazdı. Lakin bu işdə istintaq tamamlanmışdı: “Elmar Vəliyev zərərçəkmiş qismində tanınıb, zərərçəkmişin də ifadə vermək vəzifəsi var. Bu işdə isə zərərçəkmişin ifadəsi yoxdur. Yalnız ilkin ifadəsi var, orada da deyib ki, “yadımda deyil, sonra ifadə verərəm”. Sonra da bir sənəd gətiriblər ki, “səhhəti ilə bağlı ifadə verə bilmir”. O sənədin mötəbərliyini təsdiqləyən heç bir sübut da yoxdur”.
Vəkilin sözlərinə görə, məhkəmənin borcudur ki, ya zərərçəkmişi çağırıb dindirsin, ya da ekspertiza təyin edib onun anlaqsız olduğunu sübut etsin. Müdafiəçi deyir ki, təqsirləndirilən şəxslər üç ilə yaxındır həbsdədir, amma hələ də barələrində yekun məhkəmə hökmü yoxdur: “Aralarında elələri var ki, ağır xəstəliklərdən əziyyət çəkirlər. Ev dustaqlığına buraxılmaqla bağlı vəsatətlər də təmin olunmur. İnsanlar əziyyət çəkir. Ən əsası, Yunis Səfərov istisna olmaqla, digər təqsirləndirilən şəxslərin hamısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinə aidiyyətləri olmadığını deyirlər”.

“Çox da ümidlənə bilmirəm”

Təqsirləndirilən şəxslərdən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova da məhkəmə prosesinin uzanmasından narazıdır. Deyir ki, cinayət işi il yarımdır məhkəməyə göndərilib, hələ də hökm çıxarılmayıb.
Bu iş üzrə təqsirləndirilən şəxslərin ailə üzvləri son dövrlərdə bir sıra dövlət orqanlarının qarşısında ədalətli məhkəmə keçirilməsi tələbi ilə etiraz aksiyası keçirmişdilər. Zalova vəkillərin çıxışı mərhələsində məhkəmə istintaqının təzələnməsi haqda qərarın bu aksiyalarla əlaqəli olduğunu istisna etmir: “Bəlkə də bizi susdurmaq üçün bu addımı atdılar. Bəlkə də öz aralarında nələrsə baş verir. Gəncə hadisələri ilə bağlı nələrisə yumşaltmaq istəyirlər. Tərtər hadisələrində də Xanlar Vəliyevin (ölkənin Hərbi prokuroru, sabiq icra başçısının qardaşı-red.) adı hallanır. Amma çox da ümidlənə bilmirəm. Hər bir halda, mübarizəmizi davam etdirəcəyik. Mübarizəni dayandıra bilmərik, sanki əzizlərimiz əjdahanın ağzındadır”.
Bakı Ağır Cinayətlər Məhkəməsindən isə AzadlıqRadiosuna bildirilib ki, nəinki vəkillərin çıxışı, hətta təqsirləndirilən şəxslərin son sözündən sonra da məhkəmə istintaqının təzələnməsi mümkündür. Eyni vəsatətin əvvəlki mərhələdə yox, indi təmin olunması isə belə əsaslandırılıb: “Hər dindirmədən, hər araşdırmadan sonra yeni hal ortaya çıxa bilər. Məhkəmə indi uyğun hesab edib, ona görə də indi təmin edib. Məqsəd səmərəli araşdırma aparmaqdır”.
Azadlıq radiosu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar