Yanvarın 18-dən etibarən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya ilə bağlı Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.
Bunun üçün Azərbaycana 4 milyon doza Çinin “Sinovac” şirkətinin “coronaVAC” peyvəndinin gətirilməsi nəzərdə tutulub.
Nəzərdə tutulan peyvəndlər gətirilib və artıq bir çox tanınmış sima da koronavirusa qarşı vaksinasiya prosesində iştirak edib.
Bəs, peyvənd olunan məşhurların durumu necədir? Səhhətlərində hər hansı bir narahatlıq varmı?
Deputat Arzu Nağıyev Musavat.com-a açıqlamasında bildirib ki, peyvənd olunduqdan sonra səhhətində heç bir dəyişiklik olmayıb:“Hər şey steril vəziyyətdə aparılır. Getdim peyvənd olunmağa, təzyiqimi, temperaturumu ölçüb, xəstəlik keçirib-keçirmədiyimi soruşdular. Peyvəndin ikinci dozasının vurulmasını gözləyirik. Bəziləri peyvənd olunmağa ehtiyat edir. Lakin həkimlər hər şeyi nəzarət altında saxlayırlar. Məsələn: allergiya varsa, ehtiyatlı olunmalıdır. Koronavirusdan qorunmağın yolları maska taxmaq, gigiyena qaydalarına əməl etmək və vaksinasiyadır. Başqa yolu varsa, edək. Mən peyvənd vurdurdum, sonrasında da heç bir narahatlıq hiss etmədim. Dedilər ki, peyvənd olunmamışdan bir gün öncə və vurulduqdan sonra bir müddət spirtli içki içmək olmaz. Çünki peyvənd təsirini itirə bilər. Sonra dedilər ki, qızdırmanız olsa, “parasetamol” için. Yəni, təlimatları da öncədən verdilər.
Sosial şəbəkələrdə də vaksinasiya müzakirə olunur. Biri deyir çip taxacaqlar, o biri deyir bədənimizə nə isə yerləşdirəcəklər. Mən 30 il xüsusi xidmət orqanlarında işləmişəm. 58 yaşım var. Çip nədir, o biri nədir bilirəm. Bu cür söhbətləri kimlərəsə nifrəti olanlar edir. İnsanları peyvənd olunmağa çağırıram”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn saytımıza açıqlamasında deyib ki, koronavirusa qarşı peyvənd olunduqdan sonra səhhətində heç bir problem yaşamayıb:
“Birinci doza peyvəndləndim. Vaksinasiyadan sonra səhhətimdə heç bir dəyişiklik olmadı. Özümü yaxşı hiss edirəm. İndi ikinci mərhələni gözləyirəm”.
Özəl klinikaların birinin PR-meneceri olduğu üçün peyvənd olunan Xalq artisti Röya Ayxan da özünü yaxşı hiss edir.
Bu barədə Musavat.com-a sənətçinin mətbuat katibi Elvin Elxan məlumat verib:“Xalq artisti Röya Ayxan fevralın 4-də vaksin olunub. Özünü hazırda çox yaxşı hiss edir və hər hansı bir əks təsiri olmayıb. Sənətçi “İnstagram” səhifəsində paylaşım edərək, insanlara çağırış edib. Və hər kəsin bildiyi kimi ifaçının səhhəti qaydasındadır, peyvənd ona mənfi təsir göstərməyib. Bir çox insanlar vaksinin zərərli olmağı barədə söz-söhbətlər yaya bilər. Lakin bizim ölkədə bunu sübuta yetirəcək hər hansı hadisə baş verməyib. Təlaşa səbəb olacaq bir şey yoxdur. Röya Ayxan Azərbaycan hökumətinə güvənir və peyvəndlənmə uğurla həyata keçirilir. İnanır ki, dünya bu virus bəlasından tez bir zamanda azad olacaq”.
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də koronavirusa qarşı peyvənd olunub. O, vaksinasiya ilə bağlı sosial şəbəkədəki hesabında bunları yazıb: "Birinci doza peyvəndləndim. Özünüzü, millətimizi, bəşəriyyəti koronavirus bəlasından xilas etmək üçün peyvəndlənin!"
Azərbaycanın məşhur bəstəkarı, hazırda Şimali Kipr Türk Respublikasında yaşayan Cavanşir Quliyev də koronavirusa qarşı peyvənd olunub. Cavanşir Quliyev sosial şəbəkədə peyvənd olunması ilə bağlı foto paylaşaraq, vaksinin birinci dozasını vurdurduğunu bildirib.
KönülAnaxeber.info