Fevralın 5-dən Azərbaycanda koronavirusa qarşı peyvənd vurdurmaq istəyən, yaşı 65-dən yuxarı olan vətəndaşlar qeydiyyata alınacaq.
Bunun üçün onlar "randevu.its.gov.az" internet ünvanında qeydiyyatdan keçməli və bu zaman özlərinə ən yaxın tibb məntəqəsini seçməlidir.
Anaxeber.info xəbər verir ki, qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms-lə məlumat veriləcək və onlar yalniz bundan sonra peyvəndin birinci dozasını vurdura bilərlər.
İkinci dozanın vurulma tarixi və digər məlumatlar isə vətəndaşlara tibb məntəqəsində veriləcək "Məlumat forması"nda öz əksini tapacaq, həm də onlara sms-lə ikinci dozanın vurulma tarixi bildiriləcək.
Səhiyyə Nazirliyi bu barədə əlavə məlumatların yaxın günlərdə veriləcəyini bildirir.
Bundan başqa artıq Azərbaycanda səhiyyə işçilərinin 70%-inin COVID-19 əleyhinə vaksinasiyadan keçdiyi açıqlanıb.
Gələn həftədən isə ölkədə vaksinasiyanın növbəti mərhələsi başlayacaq.
Kompüterdən istifadə etməyən vətəndaşların qeydiyyatdan necə keçəcəyi ilə bağlı BBC News Azərbaycanca səhiyyə qurumlarından şərh ala bilməyib.