Sizin Reklam Burada
Tel: 050 378-66-61

'Nə vaxt baxırsan, 'Sədərək' yanır. Niyə?'

Bu gün, 09:47   



"Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsiylə cinayət işi başlanılıb. Olayın istintaqı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsində gedir.

Avqustun 25-də, günorta saatlarında yanğın tam söndürüləndən sonra həm FHN, həm də prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu araşdırmalara başlayıb. Hələlik, yanğının nədən baş verməsi barədə hər hansı bilgi yoxdur.

Ərazidəki sahibkar və işçilərsə bir sutkadan çox sürən yanğının külə çevirdiyi mallar arasında ələgələn nəyinsə qalıb-qalmadığını ümidlə axtarırdılar.

"Haradasa 15-20 anbar yanıb. Təkcə elə irəlidə səkkiz-doqquz anbar idi. Deyirlər ki, oyuncaqlar saxlanılan anbarlar olub. Düzdür, bir hissəsi oyuncaq anbarı idi. O birilərdə başqa sahibkarların malları idi. Arasında təsərrüfata aid avadanlıq – otbiçən, generator, ehtiyat hissələri, həşərat dərmanları, başqa məhsullar vardı", - olay yerindəki sahibkarlardan biri AzadlıqRadiosunun əməkdaşına belə deyib.

İşçilərin söylədiyinə görə, başlayanda anbardakı malları çıxarmağa çalışsalar da, istədiklərini gerçəkləşdirə bilməyiblər. Anbarın tavanı tezalışan materialdan olduğundan yanğın sürətlə yayılıb. Qapı açılarkən, tikilidən yanan parçalar qopub tökülüb: "Malların çox az bir hissəsini çıxarmaq mümkün olub. Qalanı tamam küldür. Burada bir milyon yox, milyonlarla ziyandan söhbət gedir. Heç kim də üzərinə məsuliyyət götürmür. Nə vaxt baxırsan, "Sədərək" yanır. Niyə?".


"Gördük ki, onsuz da sığorta şirkətləri pul vermir..."

AzadlıqRadiosuna danışan sahibkarların dediklərindən o da aydın olub ki, yanan anbarlardakı mallar sığortalı deyil. Onların sözlərinə görə, "Sədərək"dəki daha öncəki yanğın və subasma zamanı sahibkarlarla sığorta şirkətləri arasında problemlər yaşanıb, dəymiş ziyan ödənilməyib. Bu da sığorta şirkətlərinə inamsızlıq törədib: "Gördük ki, onsuz da sığorta şirkətləri pul vermir. Axırıncı dəfə buraları su basanda nə qədər sahibkar ziyana düşdü, amma pulunu ala bilmədi. İnam olmadığına görə sığortalatdırmadıq".

"Sədərək" Ticarət Mərkəzinin mətbuat xidməti yanan anbarların ticarət mərkəzinə aidiyyəti olmadığını bildirib, ancaq onların "Sədərək" ərazisində fəaliyyət göstərdiyini və sahibkarlara icarəyə verildiyini təsdiqləyib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim də sığorta şirkətlərinin sahibkarlara dəymiş ziyanı ödəmədiyindən bunun narazılıqlara yol açdığını söyləyib: "Düzdür, zamanında sığorta şirkətləri ilə sahibkarlar arasında müəyyən narazılıqlar olub. Yanğın, subasma halları baş verdiyi zaman sığorta şirkətləri onlara dəymiş zərəri ödəməyiblər. Amma biz sığortanın burada işləməsinin marağındayıq".

Deputat Vüqar Bayramovun fikrincə, "Sədərək" Ticarət Mərkəzində texniki güvənlik durumunu, yüksək riskləri nəzərə alan əksər sığorta şirkətləri oradakı mağazaları sığortalamaqda maraqlı deyil. O, sosial media hesabında vurğulayıb ki, sahibkarlardan yığılan vəsaitlərin bir hissəsi texniki təhlükəsizliyin gücləndirilməsinə yönləndirilməlidir: "Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Həmin sənədlər olmadıqda, təbii ki, sığorta şirkətləri, demək olar, hər il yanğın törənən ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaq".


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar