Sizin Reklam Burada
Tel: 050 378-66-61

TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ ŞİDDƏTİN SƏBƏBİ NƏDİR? - “Müəllimin az maaş almasının cəzasını şagirdlər çəkməli deyil”

17-01-2022, 14:57   




"Hər ailədən müxtəlif dəyərlərlə gələn uşaqlar təhsil müəssisəsinin hər kəs tərəfindən qəbul olunmuş ümumi dəyərlərini qəbul etməli və o dəyərlərə uyğun hərəkət etməlidir" 
Son günlər müəllim-şagird münasibətlərindəki xoşagəlməz hallarla bağlı mətbuatda və sosial şəbəkəlrdə müxtəlif video və məlumatlar yayılır. Qeyd edək ki, bu görüntülər ictimaiyyətin böyük narazılığına səbəb olduğundan bir çox hallrda müəllimlər çalışdıqları məktəbdən uzaqlaşdırılırlar.
Maraqlıdır ki, bu baş verənlərə fərqli mövqe nümayiş etdirən vətəndaşlar da az deyil. Daha dəqiq desək, bəzi vətəndaşlar sosial şəbəkələrdə müəllimə haqq qazandırır və “məcbur olmasa vurmazdı”, “müəllimin bir şilləsindən heç nə olmaz” kimi münasibət bildirirlər. Təəssüf ki, Azərbaycan təhsilində şiddət faktoru hər zaman olub və cəmiyyətin birmənalı olmayan reaksiyasından belə başa düşülür ki, bundan sonra da olacaq...
Bu problemlə bağlı, “Facebook” sosial şəbəkəsində sorğu keçirdik və respondentlərin fikirlərini öyrəndik.
Paytaxt sakini Qurban İsmayılov bildirir ki, Azərbaycanın təhsil sistemində şiddət faktoru hər zaman olub: “Ona görə də, hər kiçik hadisənin şişirdilməsinin, qabardılmasının tərafdarı deyiləm. Düşünürəm ki, bu məsələlərdə mühakimə aparmazdan əvvəl, hər iki tərəfin fikrini öyrənmək lazımdır”.
Şahnaz Rəsulova isə qeyd edir ki, problemin əsas səbəbi valideynin övladına düzgün tərbiyə verə bilməməsidir: “Müəllim də insandır, o da hardasa səhv edə bilər. Əgər biz övladımıza düzgün tərbiyə versək, ona nəyin doğru, nəyin yanlış olduğunu başa salsaq, belə hadisələrin sayı azalmış olar”.
Rəşad Eyyubobun sözlərinə görə isə müəllimin şagirdə fiziki və psixoloji təsir göstərməsi doğru deyil: “Müəllimlər təhsil sektorunda işə qəbul olunarkən ciddi yoxlanılmalı, müxtəlif psixoloji testlərdən keçməlidirlər. Düşünürəm ki, son vaxtlar belə hadisələrin sayının artmasının səbəbi işə qəbul prosesində yol verilən nöqsanlardır”.
Tural Hüseynov isə bildirir ki, orta təhsilini sovet dönəmində alıb və həmin vaxtlar belə şeylər adi hal kimi qəbul olunub: “O vaxt müəllimlər bizi daha çox döyürdülər. Bunu valideynimizə də deyə bilmirdik. Çünki həmişə aldığmız cavab “nəsə etmisən ki, müəllim səni vurub” olurdu. Ancaq bəzən adi şeylərə görə müəllimlər şagirdlərə əl qaldırırdılar”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, qəsdən sağlamlığa yüngül zərər vuran şəxslər min manatdan, min beş yüz manatadək, və ya 240 saatdan 360 saata qədər islah işləri, 1 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar.


Təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində bildirib ki, ümumiyyətlə son vaxtlar insanlar arasında sərtlik, aqressiya və zorakılıq halları artıb: “Təəssüf ki, təhsil müəssisələrində də belə hallar baş verir. Aqressiya ilk öncə ailədən qaynaqlanır, sonra orta məktəbdə inkişaf edir. Təhsilin bünövrəsi qoyularkən bu nüanslara diqqət etmək lazımdır. Şagird-müəllim münasibətlərində aqressiya cəmiyyətə mənfi təsir göstərir. Burda müəllimlərin tərbiyə metodundan çox şey asılıdır”.
Ekspert qeyd edir ki, ibtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagirdin nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir: “Əksər ölkələrdə məktəblərdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq və sosial iş təşviq olunur. Məktəbdə dərs deyən hər bir müəllimin mənəvi və vəzifə öhdəlikləri var. Müəllimlər tərəfindən hər zaman səsləndirilən “maaşımız azdır” arqumenti burada qətiyyən keçmir. Bu öhdəliklər maaşın azalıb-çoxalması ilə mütənasib ola bilməz. Müəllimin az maaş almasının cəzasını şagirdlər çəkməli deyil. Əgər normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır.
Mövcud fakt məktəbdə idarəetmənin normal olmadığını, şagirdlərlərlə işin düzgün qurulmadığını göstərir. Belə halların qarşısını almaq üçün bu addımların atılmasını təklif edirəm:
1. Təhsil müəssisələrində zorakılıq məlumatlılığının səviyəsinin öyrənilməsi üçün sorğuların keçirilməsi;
2. Təhsil müəssisələrində uşaqlar, valideynlər və işçi heyəti arasında zorakılıqla bağlı maarifləndirmə işinin təşkil olunması;
3. Təhsil müəssisələrində zorakılığın önlənməsi üçün məsul şəxslərin təyin olunması və hər kəsin bunla bağlı məlumatlandırılması;
4. Təhsil müəssisələrində hər kəsin gördüyü yerlərdə Zorakılıqla bağlı Qaynar Xəttin yerləşdirilməsi;
5. Təhsil müəsisələrində işçi heyəti üçün “Stress and Anger Management” təlimlərinin keçirilməsi;
6. Təhsil müəssisələrində işçi heyəti üçün Ünsiyyət və Konflikt Menecmenti təlimlərinin keçirilməsi;
7. Təhsil müəssisələrində işçi heyəti üçün ildə 2 dəfə Psixoloji Superviziyaların təşkil edilməsi;
8. Təhsil müəssisələrində şagirdlər üçün Davranış və Emosiyalar haqqında tamaşaların təşkil olunması;
Ümumiyyətlə, təhsil müəssisələrində zorakılığın olmaması üçün məktəblərə təlim-tərbiyə funksiyasını qaytarmaq və bunu müasir üsullarla icra etmək lazımdır. Hər ailədən müxtəlif dəyərlərlə gələn uşaqlar təhsil müəssisəsinin hər kəs tərəfindən qəbul olunmuş ümumi dəyərlərini qəbul etməli və o dəyərlərə uyğun hərəkət etməlidir. Təhsil müəssisəsinin dəyərləri yalnız uşaqlar üçün yox, həm də işçi heyəti tərəfindən qəbul olunmalıdır”.
Ekspert zorakılıq hallarının uşaq bağçalarında da baş verdiyini xatırlatdı: “Düşünürəm ki, bağçalar Təhsil Nazirliyinin tabeliyinə veriləndən sonra kamera sistemləri quraşdırılmaldıır. Eyni zamanda bağça müəllimləri psixoloji testlərdən keçməlidirlər. Çünki uşaq bağçalarındakı vəziyyət günü-gündən pisləşir. Uşaqlarımız tərbiyəçilər tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalırlar. Təəssüf ki, bağçalarda işə qəbul prosesi şəffaf aparılmır. Apardığımız eksperimentə əsasən deyə bilərik ki, zorakılıq halları özəl uşaq bağçalarında, dövlət bağçalarıyla müqayisədə daha az olur. Çünki özəl bağçalarda valideyin övladını kamera vasitəsi ilə daim izləyə bilir. Amma dövlət bağçalarında belə bir imkan yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, təhsil müəssisələrində zorakılıq edən müəllimlər cəzalandırılmalıdırlar ki, digərləri də bundan dərs götürsünlər”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar