
Erkin Rəhimov məktəb öncəsi narahatlıq doğuran məsələlərdən danışdı: “Yaşlı insanların çoxu peyvənd vurdurduğu üçün bu xəstəlik yeniyetmələr və uşaqlar arasında nisbətən daha çox yayılıb".
Son günlər uşaqlar arasında koronavirusa yoluxma hallarının artması valideynlərin narahatlığına səbəb olub. Xüsusilə də məktəblərin açılmasına az müddət qaldığı vaxtda bu təlaş artmağa başlayıb. Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimovla söhbət edərək, valideynləri maraqlandıran bir sıra suallara cavab almağa çalışdıq.-Doktor, əvvəllər uşaqların koronavirusu simptomsuz, yüngül keçirdiyi deyilirdisə, son vaxtlar “Delta” ştammı səbəbindən vəziyyət dəyişib. Uşaqların bu virusu ağır keçirdiyi açıqlanıb. Hansı hallarda vəziyyət ağır hesab olunur, valideyn nə zaman xəstəxanaya müraciət etməlidir?- Uşaqların “Delta” ştammına yoluxaraq virusu daha ağır keçirməsinə dair yetərli elmi məlumat yoxdur. Dəqiq bildiyimiz odur ki, bu xəstəlikdə bir uşaqdan o biri uşağa yoluxma, eləcə də uşaqlardan böyüklərə yoluxma ehtimalı ilkin virusa görə daha yüksəkdir. Yəni “Delta” uşaqlarda daha ağır keçir, demək üçün bir az erkəndir. Bir çox ölkələrdə yaşlı insanların çoxu peyvənd vurdurduğu üçün bu xəstəlik yeniyetmələr və uşaqlar arasında nisbətən daha çox yayılıb. Say etibarilə uşaqlar çox yoluxduğu üçün bəlkə də nəzərəçarpan bəzi fəsadlaşmalar daha çox görünür. Uşaq o zaman ağır vəziyyətdə olmuş sayılır ki, onun uzun müddət hərarəti düşmür, tənəffüs çatışmazlığı və ya başqa bir ciddi problemi olur. Bu hallarda uşağı mütləq xəstəxanaya yerləşdimək lazımdır. Şükür ki, uşaqlarda bu faiz nisbətən aşağıdır. Risk faktorları nələrdir? Bir yaşdan aşağı olan, immunitetində problemi olan, ağciyər problemləri olanlar, artıq çəkili uşaqlar, yanaşı xroniki xəstəliyi olanlar, xərçəng xəstəliyi olan uşaqlar digərlərinə nisbətən bu virusu daha ağır keçirir.
-Az öncə siz də vurğuladınız, valideynlər son vaxtlar bildirilər ki, koronavirus səbəbindən vəziyyəti ağırlaşan övladlarında əsasən boğazda güclü ağrılar, udquna bilməmək, boğulmaq kimi əlamətlər olur. Bu yalnız koronavirusda özünü göstərir, yoxsa başqa xəstəlik əlaməti də ola bilər?
- Boğazda güclü ağrılar həqiqətən bəzi uşaqlarda olur. Udquna bilməmək olur, amma bunu mütləq başqa xəstəliklərdən ayırmaq lazımdır. Yəni adi bir boğaz iltihabı da belə keçə bilər. Hər boğaz ağrısı olan və qızdırması olan uşaq koronadır deyə düşünməməkdə fayda var. Ağırlaşmalar bəzən kəskin xəstəlik keçirməkdə olan uşaqda, bəzən isə xəstəliyi keçirdikdən sonra yarana bilər. Belə ki, bəzən uşaq virusu yüngül, simptomsuz keçirsə belə, 2-6 həftə sonra bəzi uşaqlarda bir çox orqanı tutan (multiple) iltihabi proses baş verə bilər. Buna MİS-C deyilir. Bu, immunitetin çox güclü cavab verməsinə bağlı olaraq əmələ gələn bir fəsaddır və ağır keçir. Vaxtında müalicə olunmadığı zaman orqanlarda, xüsusən ürəkdə ciddi problemlər yarana bilər. Amma vaxtına müalicə olunarsa, bir çox uşaq sağala bilir.
- Rotavirus da son günlər kiçik yaşlılar arasında çox yayılıb. Uşaqlar üçün hansı daha təhlükəli sayılır, koronavirus, yoxsa rotavirus? Valideynlər bu virusları bir-birindın necə ayırd edə bilərlər, hansı əlamətlərə görə?-Bəli, yay aylarında rotavirus daha çox yayılır. Ondan qorunmaq üçün peyvənd vurula bilər. Bu peyvənd 2-4-cü aylarda və ya 3- 5-ci aylarda damcı şəklində ağızla qəbul edilən canlı peyvənddir. Qoruyuculuğu yüksək olan bir peyvənddir. Bəli, rotavirus bəzən ağır keçə bilər. Mədə-bağırsaq simptomları, qızdırma ilə özünü büruzə verən xəstəlikdir. Əgər müqayisə etsək ki, koronavirus yoxsa, rotavirus ağır gedişatlıdır, bununla bağlı fikir bildirmək bir az çətindir. Hər iki xəstəlikdə ağır gedişat ola bilər. Ona görə hər xəstəlikdə olduğu kimi erkən diaqnoz və uyğun müalicə vacib rol oynayır. Bir- birindən necə ayırd edilə bilər? Rotavirus mədə-bağırsaq sistemini tutan virusdur və əlamətləri əsasən bu sistemlə əlaqəlidir, ancaq koronovirus tənəffüs sistemini tutan virusdur və əsas əlamətlər bu sistemlə əlaqəli olur. Koronavirus da mədə-bağırsaq əlamətləri ilə yanaşı gedən prosesdir. Rotavirusda klassik gedişat - ilk öncə yüksək qızdırma, sonra bir neçə gün qaytarma və sonrasında qarın getmədir. Uşaq bəzən buna görə susuz qalır və ciddi fəsadlar əmələ gəlir. Ona görə rotavirus xəstəliyinə yoluxmuş uşaqlara yetərli maye verilməlidir.
- Məktəblərin açılmasına az vaxt qalıb. Bu il dərslərin növbəli olmayacağı bildirilib. Bilirik ki, bəzən bir sinifdə 36, hətta 40 şagird təhsil alır. Sizcə, bu amil yoluxmanın artmasına səbəb ola bilərmi? Bütün dərs vaxtı uşaqları maskadan istifadə etməyə məcbur etmək də real deyil. ÜST tərəfindən də uşaqlar üçün belə bir tələb qoyulmayıb. Bəs belə bir şəraitdə azyaşlıları necə qorumaq olar?- Bəli, məktəbinin açılması bir risk faktorudur, yəni yoluxuculuq arta bilər. Amma digər tərəfdən də uşaqlar artıq bir ildən artıqdır normal dərs görmürlər. Bu da gələcəkdə təhsillə bağlı çox ciddi problemlər yarada bilər. Ona görə də burada mütləq bütün amilləri nəzərə almaq lazımdır. Koronavirus ilə əlaqəli bizim ən çox qorxduğumuz risk qrupu təşkil edən yaşlı nəsillə və xroniki xəstəlikləri olan insanlarla bağlıdır, onları peyvəndlə qoruya bilsək, bu xəstəliklə bağlı fəsadların və ölümlərin bir çoxunun qarşısı alına bilər. Uşaqlar və gənclərdə bildiyimiz kimi bu virus o dərəcədə təhlükəli sayılmır. Dövlət qurumları da hər halda bunları nəzərə alaraq qərar veriblər. Çünki uşaqlar hətta “Delta” ştammı olsa belə, virusu yüngül keçirirlər. Bir çox uşaq 1-3 gün qızdırsa belə sonra düzəlir. Daha ağır xəstəlik nisbətən nadir olur. Ona görə fikrimcə, məktəblərdə uşaqlara gigiyena qaydalarına əməl etməyi öyrətmək lazımdır- əl təmizliyi, sosial məsafə saxlanmasına əməl edilməlidir. Maska ilə bağlı məsələyə toxundunuz. Normalda 5-6 yaşdan sonra uşağa izah elədiyin zaman çox rahatlıqla maska taxa bilər. Bəlkə də siniflərin bölünməsi ilə bir az məsafə saxlanılmasına nail olmaq olar. Nəticə etibarilə məktəblər açıldıqdan sonra 1-2 ay ərzində statistika bəlli olacaq. O zaman məktəblərin açılmasının doğru qərar olub-olmaması bilinəcək. Amma əgər nəzərə alsaq ki, risk qrupunda olan insanların çoxu peyvənd vurdurarsa, yoluxma sayı artsa belə, xəstəliyi ağır keçirənlərin sayı az olar. Bu baxımdan məktəblərin açılması məqsədəuyğun hesab edilib.
- Əksər hallarda isə məktəblilərin çantaları və digər ləvazimatları natəmiz vəziyyətdə olur, bu da bir virus mənbəyi sayıla bilər. Pandemiya dövründə nə etmək lazımdır ki, uşaqları qoruya bilək?
- Burada əsas məsələ uşaqlara uyğun dildə bu xəstəliyi və ondan qorunma yollarını anlatmaqdır. Valideynlər də özləri maariflənməlidirlər, əl təmizliyi, dezinfeksiya, spirtlə necə təmizləmək lazımdır. Bunların hamısını uşaqlara izah eləmək lazımdır. Məktəb ləvazimatları, çantaların təmizliyi ilə bağlı məsələdə məsuliyyət valideynlərin üzərinə düşür. Uşaqlara izah edilməlidir ki, bir yerə toxunduqdan sonra əli yumaq lazımdı. Ən az 30 saniyəyə qədər sabunla əl yumaq koronavirusdan qoruyan bir amildir.
-Doktor, bir müddət öncə valideynlərin koronavirus səbəbindən uşaqlarının profilaktik peyvəndləri vurdurmaq istəmədiyini demişdiniz. Hazırda vəziyyət necədir? Ümumiyyətlə, ölkəmizdə uşaqlara vurulan peyvəndlərə də inanmayanlar az deyil, imtina ərizəsi yazanlar var. Bu vaxta kimi peyvənddən imtina edən uşaqlar arasında fəsadlar-xəstəliklər olubmu, belə faktlar varmı?- Bu məsələ çox vacibdir. Zamanında vurulması lazım peyvəndlərin vurulmaması, həqiqətən böyük bir problemdir. Bununla bağlı maarifləndirmə aparılsa da, təəssüflər olsun ki, hələ ki istədiyimiz nəticələr əldə edilməyib. Təbii ki, peyvənd vurdurmayan uşaqlar risk qrupu içindədirlər. İndi məktəblərin açılması ilə bəlkə də bizim qorxduğumuz qızılca, göy öskürək kimi xəstəliklərin yayılması müşahidə edilə bilər. Yay vaxtı məktəblər də bağlı idi, həm də pandemiya səbəbiylə uşaqların bir-biriylə təması az idi, buna görə də bu cür yoluxucu xəstəliklər çox yayılmadı. Amma indi uşaqlar arasında ünsiyyət artdıqca, bu xəstəliklər də arta bilər. Fürsətdən istifadə edərək bütün valideynləri, xüsusən məktəbə, bağçaya övladını göndərən varsa, uşaqlarını mütləq vurmadıqları peyvəndlərini vurmasını məsləhət görürəm. Ailədə bir uşağa peyvənd olunarsa, digər ailə üzvlərini də xəstəliklərdən qorumuş olacaqlar.
-Nəyə görə özəl klinikalarda bir sıra xəstəliklərə qarşı peyvəndlər baha olur? Hansı ki, dövlət bunları daha ucuz alır. Özəl klinikanın həkimləri bunun səbəbini onunla əlaqələndirilər ki, oradakı peyvəndlər zəiflədilmiş olur, yəni peyvənddən sonra fəsadlar olmur. Həm də bildirilir ki, özəl klinikalara Fransa, Kanadadan peyvəndlər gətirilir. Bu peyvəndlər eyni deyilmi, dövlət poliklinikalarına gətirilən peyvəndlərə etibar etmək olarmı?- Özəl sektor dünyanın hər yerində özəl xidmət göstərməyə çalışır. Maddi baxımdan daha güclü, ekonomik gücü daha çox olan insanlar ən yaxşı məhsulu əldə etmək istəyir və bunun üçün özəl sektora üz tutur. Bu tələbatı qarşılamaq üçün də özəl klinikalar ən bahalı, ailələrin tələb etdiyi Avropa istehsalı olan peyvəndlərini gətirirlər. Buna görə də orada qiymətlər baha olur. Dövlət sektorunda isə məqsədlər biraz fərqlidir, bütün ölkəni əhatə etdiyi üçün keyfiyyət baxımından yetərli, güvənli və qiymət baxımından münasib olan peyvəndlər alınmağa çalışılır. Amma bu demək deyil ki, bu peyvəndlər yaxşı deyil. Onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəzarət edilən ölkələrdə istehsal edilir. Bütün istehsal prosesindən tutmuş, ölkəyə gətirilməsinə qədər bütün prosesə nəzarət edilir. Bəzi insanlar qorxurlar, çəkinirlər istəmirlər peyvənd vurdursunlar. Fikirləşirlər ki, Hindistan, Koreya istehsalı peyvəndlər pisdir, zəifdir. Belə bir şey qətiyyən yoxdur. Onlar da keyfiyyətli peyvəndlərdir. Sadəcə hər peyvəndin istehsalı fərqlidir. Orda məsrəf olunan xərclər fərqli olduğu üçün qiymətlər də fərqi olur. Peyvəndlərin müqayisəsi zamanı "bu yaxşıdır, o biri pisdir" demək düzgün deyil. Əgər bir peyvəndin ölkədə istifadəsinə icazə verilibsə, demək ki, yetərli keyfiyyətə və güvənliyə malikdir. Harada peyvənd vurdurmaq ailənin istəyinə bağlıdır, ancaq bu peyvəndlər mütləq uşaqlara vurulmalıdır.
- Qarşıdan soyuq aylar gəlir, bu dövrdə bir sıra infeksion xəstəliklər də artır. Bəs uşaqların immun sistemini gücləndirmək üçün onları necə qidalandırmaq lazımdır?- İmmuniteti gücləndirmək üçün uşağın yuxusuna diqqət etmək, stressdən uzaq tutmaq lazımdır. Normal rasionla qidalanmaq və idmanla məşğul olmaq lazımdır. Yəni qida ilə immunitet artacağını düşünmək yanlışdır. Əsas məsələ uşağın yaşına uyğun rasion tərtib etməkdir. Yəni immunitet artırmaq məqsədiylə xüsusi bir dieta da yoxdur.
Afaq MiRAYİQ,“Yeni Müsavat”