Litva hökuməti koronavirusa qarşı peyvənd olunmayanlara ciddi məhdudiyyətlər tətbiq edib.Bu tədbirlər əhalini peyvəndə həvəsləndirmək məqsədi daşıyır.
Ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus pasportu olmayan şəxslər bu gündən etibarən ərazisi 1,5 min kvadrat metrdən çox olan ticarət mərkəzlərinə, heç bir qeyri-ərzaq mağazalarına gedə bilməyəcəklər.
Onlara iaşə obyektlərinə qapalı giriş və ictimai tədbirlərə daxil olmaqla bir sıra xidmətlər göstərilməyəcək.
İşəgötürən işçi kollektivinin bütün üzvlərinin COVID pasportuna sahib olmasına qərar verərsə, peyvənd etməyənlər işdən kənarlaşdırıla bilər.
Bu, ilk deyil. Bəzi hökumətlər peyvəndlənməyənlərə ölkə daxilində məhdudiyyətlər qoyur. Məsələn, Azərbaycanda peyvənd olunmayanlar mehmanxanalara, iri ticarət mərkəzlərinə, qapalı restoran və kafelərə buraxılmırlar.
Bəs başqa hansı ölkələrdə hansı məhdudiyyətlər tətbiq olunur?Cebhe.info bununla bağlı araşdırma edib.
*ABŞ-da məcburi peyvənd qərarı aylar əvvəl verilib. ABŞ-da ümumi peyvənd məhdudiyyəti yoxdur, ancaq müxtəlif əyalətlərdə müxtəlif məhdudiyyətlər var. Ölkənin bir çox əyalətində sağlamlıq və təhsil işçilərinə, federal agentliklər və özəl şirkətlərdəki işçilərə məcburi şəkildə peyvənd tətbiq olunur. Hətta bəzi şirkətlər peyvənd edilməmiş işçilərlə yollarını ayıracaqlarını da qeyd edib.
*Fransada kütləvi məkanlara “COVİD sertifkatı” olmadan icazəsiz girə bilməzsiniz. Bundan əlavə, ölkədə bölgələrarası səyahətlərdə də şəxslərin peyvənd edilib-edilməməsi yoxlanılır.
*Niderland da koronavirusdan qorunmaq üçün “peyvənd sertifikatı” qərarını üstün tutan ölkələrdən biridir. “Peyvənd sertifikatı” və ya xaricdən gələn sərnişinlər mənfi test nəticəsi göstərə bilmədikdə, 95 avro cərimə yazılır.
*Yunanıstanda turizm mövsümünün başlaması ilə əlaqədar yoluxmaların artması özü ilə yeni qadağalar gətirib. Ölkədə yalnız peyvənd edilən, testdən keçmiş və ya COVID-19-dan sağalan şəxslər restoran, iri ticarət mərkəzləri kimi məkanlara buraxılır.
*Rusiyada bir müddətdir ki, koronavirusa qarşı peyvənd kampaniyaları davam edir. Ölkədə peyvənd qaydalarına riayət etməyən müəssisələr üçün çox ağır cəzalar tətbiq olunur. İşçilərinin 60 faizi koronavirusa qarşı peyvənd edilməyən müəssisələr 90 günlük bağlanır. Digər tərəfdən, Rusiyadakı bir çox otellər yalnız peyvənd olunmuş və ya mənfi PCR nəticəsi olanlara qapılarını açır.
*İsraildə 100-dən çox insanın iştirak etdiyi qapalı tədbirlərə yalnız peyvənd edilmiş, COVID-19-dan sağalan və ya son zamanlarda mənfi test nəticəsi təqdim edə bilən insanlar buraxılır.İsrail hökuməti muzeylər, konsertlər, idman yarışları, idman zalları, restoranlar, ibadət yerləri və turizm bölgələri kimi yerlərə gedəcəklərdən də bu sənədləri istəyir.
*Almaniya hökuməti bütün vətəndaşlara təqdim etdiyi pulsuz koronavirus test xidmətini də məhdudlaşdırıb. Qərara görə, peyvənd olunmayanlar oktyabrın 11 -dən etibarən bu xidmətdən faydalana bilməyəcək və qapalı məkanlara girmək üçün lazım olan mənfi test nəticələrinin pulunu öz ciblərindən ödəməli olacaqlar.
Naibə
Cebhe.info