
- Hazırda bütün dünyada COVID-19 əleyhinə vaksinləmə tədbirləri davam etdirilir. Azərbaycanda da peyvəndləmə kampaniyası 18 yanvardan başlayıb.
Ölkəmizdə Çinin “CoronaVac”, Rusiyanın “Sputnik V”, ingilis-isveç iş birliyi nəticəsində hazırlanan “AstraZeneca”, Almaniya və ABŞ iş birliyi nəticəsində yaradılan “Pfizer” peyvəndindən istifadə edilir. Son məlumatlara görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 732 vaksin vurulub. Ölkədə bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 392 409 təşkil edir.Vaksinin hər iki dozasını alan şəxslərə “COVID-19 pasportu” verilir. Baxmayaraq ki, vaksinin vurulmasında heç bir məhdudiyyətin olmadığı deyilir, lakin bununla belə, sentyabrın 1-dən bəzi məkanlara daxil olmaq üçün şəxslərdən “COVID-19 pasportu” tələb ediləcək. Bu səbəbdən peyvəndə maraq artıb, lakin vaksin etdirmək istəməyən bəzi şəxslər “COVID-19 pasportu”nu pulla almaq üçün yol tapıblar.
Ölkəmizdə artıq bununla bağlı rəsmi xəbərlər də yayılıb. Lakin bu halın hüquqi tərəfləri də var. Həmin şəxsləri 3 il müddətinədək həbs cəzası gözləyir.
Cebhe.info indiyədək saxta “COVID-19 pasportu" alanlarla bağlı məlumatları toplayıb.
*Ötən gün saxta "COVID-19 pasportu" verən vəzifəli şəxslər ifşa olunub.Baş Prokurorluqdan verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma ilə qeyd olunan poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılıb.
*Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin qanunsuz olaraq COVID-19 əleyhinə I doza vaksinasiya olunmaları barədə daxil olmuş material əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb.Prokurorluqdan verilən məlumata görə, araşdırma ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq onlara vaksin vurulmadığı halda COVID-19 əleyhinə I doza vaksinasiya olunması və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
*Avqustun əvvəllərində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən "e-TƏBİB" elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta “COVID-19 pasportu” ilə təmin edilmələri məlum olub.Əməliyyat zamanı müəyyən olunub ki, Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda "e-TƏBİB" elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.
*Oxşar hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib.Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov qeyd edilən müəssisədə tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları "e-TƏBİB" elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da Ayaz Kərimov və Kəmalə Əliyeva tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim olunub.
*Ötən ayın 30-da Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburq şəhərinə səyahət etmək istəyən 101 vətəndaşa saxta COVID-19 testi təqdim edən şirkət rəsmiləri saxlanılıb.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaydığı məlumata görə, saxta sənədlər 12 min 120 manat müqabilində paylanılıb. Sənədləri hazırlayan “ƏSR” MMC-nin direktoru Əsgər Bayramov həbs olunub, “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva haqqında isə polisin nəzrətinə verilməsi qərarı seçilib.
Saxlanılanlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədləri qanunsuz hazırlama,satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə ittiham elan edilib.
*Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.Naibə
Cebhe.info