Bu il ali məktəblərə qəbul imtahanında abituriyentlər maksimum - 700 bal toplaya bilmədi.Bunun səbəbini isə əsasən ölkədə tədrisin onlayn şəklində təşkili ilə əlaqələndirirlər. Yeni tədris ilində isə dərslərin hələ də hansı formada keçiriləcəyi məlum deyil. Bu il də yenə tədris, xüsusilə orta məktəblərdə online təşkil olunarsa, təhsilin keyfiyyətinə necə təsir edəcək və uşaqların psixoloji vəziyyətində problemlər yaradacaqmı?
Təhsil üzrə ekspet Nabatəli Qulamoğlu
Cebhe.info-ya bildirdi ki, əslində bununla bağlı birmənalı cavab yoxdur:
“Çünki ali məktəbə qəbul prosesini hazırlayan repetitorlardır. Məhz repetitorların fəaliyyəti nəticəsində yüksək bal toplayır, ancaq adı məktəbin olur. Məsələn, deyirlər ki, bu şagird Xırdalan şəhəri 5 saylı məktəbin şagirdidir.Ancaq fakt odur ki, yalnız dayanmadan repetitorla məşğul olan şagirdlər yüksək bal toplayırlar. Pandemiya təbii ki, təhsilin səviyyəsinə təsir göstərir. Ümumilikdə isə pandemiyanın repetitor fəaliyyətinə də mənfi təsiri vardı. Çünki müəyyən məhdudiyyətlər olur və repetitorlar öz şagirdləri ilə lazımi şəkildə əlaqə saxlaya bilmirlər. Hesab edirəm ki, pandemiya dövründə DİM bunu nəzərə almalı idi və imtahan suallarını nisbətən sadə şəkildə tərtib etməli idi. İmtahan sualları hər ildəki kimi, məzmununu dəyişməyib.Ona görə də 700 bal toplaya bilmədilər. Güman edirəm ki, onlayn təhsil olsa, bu tendensiya davam edəcək. Hesab edirəm ki, gələn tədris ilində builkindən daha mənfi nəticələr ola bilər. Ümumiyyətlə, şagirdlərdə maraq xeyli ölüb. Onlayn təhsillə, birbaşa təhsil arasında fərq çoxdur. Güman edirəm ki, onlayn təhsilin yeni formatını axtarıb tapmalıdırlar. Yəni repetitorlar şagirdlərlə məşğul olmaq üçün bütün lazımi avadanlıqla təmin olunmaldırlar. Bilirik ki, ucqarlarda şagirdlərin çoxu heç onlayn təhsilə cəlb oluna bilməyiblər. Ona görə də belə mənfi nəticələr veriblər”.Psixoloq Fatimə Bayramova isə bildirdi ki, bizim üçün əyani təhsil distant təhsildən üstündür:
“Bəlkə illərlə bu cür distant təhsilin modeli və ya proqramı düzgün qurulsaydı, fövqəladə vəziyyətdə çətinlik yaşamazdıq. Dünyada distant yolla nəinki bakalavr təhsili, eyni zamanda magistratura və doktorantura təhsilləri də uğurla həyata keçirilir. Sadəcə, distant təhsil proqramımızda boşluq var, məhz bu hazırlıqsızlığımız ucbatından bizim üçün əyani təhsil distant təhsildən üstündür. Bu il bizim üçün bir qədər stressli il oldu, bir tərəfdən bitmək bilməyən pandemiya, digər tərəfdən qələbə ilə yekunlaşsa da 44 günlük müharibə, Gəncə və Bərdə terrorlarını yaşadıq. Bu stresi yetkinlər necə keçiribsə, yeniyetmələr onlardan da çətin keçirib.Stres bizi gərgin halda saxladığı üçün diqqətimizi toplamağımıza, mərkəzləşdirməyimizə əngəl yaradır, bu da yaddaşımızın, təfəkkür və məsələ həlli prosesini mürəkkəbləşdirir. Tələbə və ya şagird ilə göz təması qurmaq, onları yaxından tanımaq təhsil sisteminə də önəmli təsirini göstərir. Oxuma həvəsi olan hər bir şagird və tələbə üçün sədd yoxdur. Lakin hər kəsin psixikası və xarakteri də eyni deyil.
Emosional bir insan stresi rasional düşünən insana nisbətən ağır keçirir. Müəllimlər də onlayn olduğu üçün hər kəsə, ələlxüsusda birinci dəfə dərs dediyi şagird və tələbəyə eyni cür yanaşır, fərdi psixoloji xüsusiyyətlərinə görə davranmır.Bu zaman dərsdə çətinliyi yaranan şagirdi ətraflı öyrənmək üçün valideyni ilə sıx təmas qurmaq lazımdır. Onlayn sistemdə bir tərəfdən yük müəllimlərin üzərinə düşür: şagird və ya tələbəni düzgün qiymətləndirmək (çünki əksi halda nəsə gözdən qaçdığı zaman, üzdən oxuyan tələbə oxuyan tələbə ilə eyni qiymət alarkən digəri də oxumamağa başlayır); onlara daha çox fərdi şəkildə edə biləcəkləri tapşırıqlar vermək və s. Həmçinin, bu vəziyyəti nəzərə alaraq, yük valideynlərin də üzərinə düşür. Müəllimdən qabaq o dərsləri valideyn şagirdən soruşsa, yaranan çətinlik azalar”.Nigar Abdullayeva
Cebhe.info