Sizin Reklam Burada
Tel: 050 378-66-61

"Yoluxma artarsa, bu məkanlarda məhdudlaşma ola bilər" - DEPUTAT

16-08-2021, 14:03   


"Yoluxma artarsa, bu məkanlarda məhdudlaşma ola bilər" - DEPUTAT
  • Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda ötən gün koronavirusa 2 993 yeni yoluxma faktı qeydə alınıb.
Hazırda vəziyyətin ciddiləşəcəyi müzakirə mövzusudur. Kütləvi vaksinləşmə məqsədilə fərqli çıxış yolu əldə etmək, bunun üçün cürbəcür metodlardan istifadə ağıla gələn ilk variant olur. Məlumdur ki, son günlər Operativ Qərargahda karantin tədbirləri ilə bağlı müzakirələr aparılır.
Vəziyyət kritikləşərsə, vaksinasiyanın kütləviliyini təmin etmək üçün Azərbaycan əsasən hansı təklif üzərində dayanacaq? Yenidən SMS icazə, “COVID pasportu” olmayanların evdən çıxmasına qadağa qoyulması, yoxsa başqa variant? Rəqəmlər yüksələrsə, hansı ehtimal üzərində dayanıla bilər?
Bununla bağlı Cebhe.info-ya danışan Milli Məclisin üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, yoluxma rəqəmlərinin artacağı təqdirdə, məhdudlaşmalar qaçılmaz olacaq:
“Çünki əhalinin sağlamlığının qorunması baxımından dövlət müvafiq tədbirlər görmək məcburiyyətində qalır. Hazırda biz vaksinasiya prosesini sürətli həyata keçirməklə bir növ “yumşaq güc”dən istifadə edərək prosesi sürətli edə bilərik. Təbii ki, səhiyyə sistemi də yükləndikdə, qapanmalar, məhdudlaşmalar da qaçılmaz ola bilər. Arzumuz ondan ibarətdir ki, bu kimi məhdudlaşmalara gedilmədən, qeyd etdiyim yumşaq məhdudlaşmalarla ümumi prosesi daha da sürətləndirməyə kömək edək.
Diqqət etsək görərik ki, Şərq ölkələrində virusla bağlı mübarizədə artıq müəyyən qapanmalar həyata keçirilir. Hətta bəzi ölkələrdə tam qapanmalar mövcuddur. Ancaq bizim atdığımız addımlar ondan ibarətdir ki, maksimal şəkildə iqtisadiyyata güc düşməsin. Əhalininin vaksinasiya prosesini sürətləndirməklə bunun öhdəsindən gələ bilərik. Nəinki kütləvi qapanmalara gedilməsi. Məhz təyin etdiyimiz istiqamət budur”.
Deputat Müşfiq Məmmədli Azərbaycanda yoluxmalar artarsa, tətbiq ediləcək bəzi məhdudiyyətlər barədə də danışıb.
O, məhdudlaşmaların hansı sahələr və istiqamət üzrə gediləcəyindən söz açıb:
“Hansı qapanmalar ola bilər? Məsələn, müxtəlif məkanlara daxil olmada “COVID pasportu” ilə məhdudlaşdırma, ictimai məkanlarda vaksinasiya olunmayan şəxslərin həmin məkanlara daxil olunmasının qadağan olunması, əhalinin nisbətən sıx toplaşdığı məkanlarda test nəticələri olmayan, vaksin olunmayan şəxslərin ora daxil olunmasın qarşısının alınması, müxtəlif xidmətlərin təşkilində məhdudiyyətlərin qoyulması, yaxud da hansısa bölgədə kütləvi şəkildə yoluxma varsa, orada karantin qaydalarının tətbiq edilməsi kimi qaydalar tətbiq edilə bilər. Bu, prosesin idarə olunmasına kömək edəcək”.
Şəlalə Babayeva
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar