Koronavirusla mübarizədə ən effektiv çıxış yolu hələlik peyvəndlənmədir.Hazırda dünya ölkələri müxtəlif peyvəndlərdən istifadə edərək virusa yoluxma və ölüm sayını azaltmağa çalışır. Lakin bu, o qədər asan deyil. Bəzi insanlar hələ də peyvəndin effektiv olduğuna inanmır və istifadə etmək istəmirlər. Bu səbəbdən də hər ölkə vətəndaşlarına müxtəlif güzəştlər təklif edərək peyvəndlənməyə cəlb etməyə çalışır.
Cebhe.info əhalini vaksinasiyaya cəlb etmək üçün istifadə edilən güzəştlərlə yanaşı, ölkəmizdə hər hansı güzəştin olub-olmaması ehtimalını araşdırıb.
*Britaniyada koronavirusa qarşı vaksin vurdurmağı qərara almış gənclərə müəyyən güzəştlər ediləcək. Onlar vaksinasiya məntəqəsinədək ödənişsiz taksidən istifadə edərək gələ biləcək, peyvənd olunduqdan sonra isə pulsuz pizza alacaq və ya evə qida sifarişi üçün endirim əldə edəcəklər. Krallığın Səhiyyə və Sosial İşlər Nazirliyi tərəfindən aparılan kampaniya gənclər arasında vaksinasiyanın stimullaşdırılması məqsədi daşıyır. Qeyd olunur ki, Britaniyada yaşı 18-25 arasında olan 2.5 milyon nəfər hələ də peyvənd vurdurmayıb.
*ABŞ peyvənd tapıldığı gündən bəri böyük kampaniyaya başlayıb. ABŞ-da insanların təxminən 47 faizi iki doza peyvənd edilib. ABŞ peyvənd olunan vətəndaşlar üçün bir çox fərqli təşviq təklif edir. Peyvəndlənənlər üçün pulsuz pivə kampaniyası. ABŞ-ın bəzi ştatlarında insanların peyvəndə təşviq edilməsi üçün "Peyvənd üçün pulsuz pivə'' kampaniyası başladılıb. Bəzi əyalətlərdə 16-35 yaş arasındakı insanlara peyvəndlənəcəkləri təqdirdə 100 dollarlıq mükafat veriləcəyi açıqlanıb. Nyu-Yorkda peyvənd mövzusunda qərarsız olan insanlar üçün böyük bir kampaniyaya başlanıb. Peyvəndlənənlər üçün "Vax And Scratch" adlı uduşlu oyun yaradıldığı Nyu-Yorkda qalibə 5 milyon dollar verilir. Oxşar şəkildə digər yerlərdə də fərqli lotereyalar təşkil edilir. Bundan əlavə, ABŞ-dakı fərqli şirkətlər vaksin olunanlara pulsuz dondurma, şirniyyat kimi fərqli yeyəcəklər təqdim edirlər.
*Almaniyada koronavirusa qarşı peyvənd olunan vətəndaşlar mağazalara qabaqcadan COVID-19 testi etdirmədən gedəcək və karantin qaydalarını gözləmədən səyahət edə biləcəklər. Bunu “Bild am Sonntag” qəzetinə müsahibəsində AFR-in səhiyyə naziri Yens Şpan deyib. "Peyvənd olunanlar mağazalara, yaxud bərbərxanaya testsiz gedə biləcəklər. Həmçinin Robert Kox İnstitutu hesab edir ki, onlara bundan sonra karantinə əməl etmək lazım gəlməyəcək", - deyə nazir bildirib. Onun sözlərinə görə, qəti qərar Almaniya koronavirusun üçüncü dalğasını keçdikdən sonra qəbul olunacaq.
*İsrail də peyvəndin təbliği üçün fərqli kampaniyalar hazırlayıb. İsrail vaksinasiya olunanlar üçün rəqəmsal peyvənd kartı təqdim edir. Peyvəndlənənlərin bur çox tədbir və restoranlara girişi rəqəmsal peyvənd kartı ilə təmin edilərkən, peyvənd olunmayanların bu tədbirlərdə iştirakına icazə verilmir. Bəzi şəhərlərdə gəncləri peyvəndə təşviq etmək üçün barları olan küçələrdə səyyar peyvənd mərkəzi qurulub. Burada peyvənd olunanlara pulsuz içki verilir. Bundan əlavə, İsrail peyvənd edənlərə konsertlər və teatr kimi qapalı tədbirlərdə iştirak hüququ verir.
*Hindistanın bəzi şəhərlərində vaksinasiya olunan qadınlara endirimli aksesuarlar verilir. Şimali Delhi Bələdiyyəsi tərəfindən vaksinasiya olunanlara 5 faiz vergini geri qaytarma hüququnun verildiyi də bildirilir.
*Serbiyada koronavirusa qarşı peyvəndin ən azı bir dozası tətbiq olunan 16 yaşından yuxarı şəxslərə 3 min dinar (30 dollar və ya 51 manat-red.) təqdim edilir. Serbiya əhalisinin 37 faizi peyvəndlənib.*İndoneziya və Taylandda vəziyyət bir qədər fərqlidir. 270 milyon əhalisi olan İndoneziyada ölkə səlahiyyətliləri peyvənd etdirənlərə canlı toyuq verir. Təxminən 70 milyon əhalisi olan Taylandda isə bir uduş proqramı ilə peyvənd edilən qalibə inək verilir.
*Honq-Konq hökuməti vaksinasiya olan insanlar üçün lotereya kimi təşəbbüsləri dəstəkləyir. Bəzi işəgötürənlər peyvənd etdirən işçilərinə 1,4 milyon dollarlıq lotereya uduşları, eyni zamanda alış-veriş kuponları, hədiyyə paketləri və uçuş biletləri verir .
*Yunanıstanda peyvənd edilən 26 yaşından kiçik gənclərə 150 avro dəyərində rəqəmsal hədiyyə sertifikatı verilir. Bu çek turizm və əyləncə sektorundakı fəaliyyətlər üçün istifadə edilə bilər.
*Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçən vətəndaşlar üçün müəyyən güzəştlərin müəyyən edilməsi üzrə iş aparır. Bu barədə şuranın Operativ Qərargahının rəisi Giorgi Qibradze məlumat verib. O, hazırkı mərhələdə güzəştlərin dəqiq siyahısı barədə danışmağın tez olduğunu bildirib: “Hazırda ölkədə vaksinasiyanın ikinci mərhələsi aparılır. Lakin Koordinasiya Şurası vaksinin hər iki dozasını vurduran şəxslər üçün güzəştləri nəzərdən keçirir”.
Qeyd edək ki, peyvəndin hər iki mərhələsindən keçən vətəndaşlara açıq havada qoruyucu maska taxmamaq və komendant saatının tələblərinə riayət etməməyə icazə veriləcəyi gözlənilir.
*Azərbaycanda sözügedən qeyri-adi güzəştlərin heç biri tətbiq edilmir. Bəzi ölkələr peyvənd olunan vətəndaşlara cüzi də olsa mükafatlar, güzəştlər tətbiq edərkən bizdə bu prosesdə də vətəndaşlara hər hansı əlavə bir güzəşt yoxdur. Dünya ölkələrində güzəşt və mükafatlar daha çox gənclərə şamil olunur və məqsəd bu yaş qrupunu vaksinasiyaya cəlb etməkdir. Ölkəmizdə artıq 18 yaşından yuxarı olanların vaksinasiyası prosesi gedir.
Yaxşı olardı ki, bir çox məsələlərdə xarici ölkələrin təcrübələrindən istifadə etdiyimiz kimi əhalinin, xüsusilə də gənclərin peyvəndə marağını artırmaq üçün də bu kimi maraqlı təcrübələrdən istifadə edək. ABŞ, Yunanıstan, Serbiya kimi ölkələrdə pul mükafatları olmasa da, kiçik güzəşt, hədiyyə kuponları və ya Britaniya təcrübəsi kimi hər hansı yeməyin pulsuz verilməsi vaksin olunan gənclərin sayının artmasına səbəb ola bilərdi. Lakin bəlkə də senytabrın 1-i tarixindən vaksin olunmayanların kafe-restoranlara, ictimai iaşə obyektlərinə buraxılması barədə qadağanı vaksinasiyadan keçənlərə güzəşt kimi qəbul etmək olar.
Semra Ələkbərli
Cebhe.info