"Yoluxma harada çoxdursa, qapadılmalara da orada gediləcək, karantin sərtləşdiriləcək"Səhiyyə Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
Qeyd edək ki, bu ştamm indiyədək 100-dən çox ölkədə tapılıb. "Delta" ştammı ilk dəfə ötən ilin oktyabrında Hindistanda aşkarlanıb. Ştammın "Delta +” variantının daha yoluxucu olduğu müəyyən edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvənd olunanlar bu ştamma yoluxarsa, xəstəliyi yüngül keçirir. Təhlükəli və "qatil mutant" adlandırılan "Delta"ya yoluxma səbəbindən bir çox ölkələr yenidən sərt karantinə getməyə məcbur olublar. Ştammın Azərbaycanda da aşkarlanması sərt karantinlə bağlı suallar yaradır.
Maraqlıdır ki, "Delta" variantı Azərbaycanda da sərt karantin üçün siqnal ola bilərmi?Məsələ ilə bağlı
Cebhe.info-ya açıqlamasında deputat Fazil Mustafa qeyd edib ki, yoluxma artarsa, sərt karantinə gedilə bilər:
"Əgər təhlükə böyükdürsə, o zaman karantin qaydaları təbii ki, sərtləşdiriləcək. Bunu da bu sahə ilə məşğul olan həkimlərimiz, mütəxəssislərimiz daha yaxşı bilirlər. Çünki onlar bu ştammın hansı dərəcədə təhlükə yarada biləcəyindən məlumatlıdırlar. Ona görə də əvvəldən nəsə demək doğru olmazdı. Sadəcə ölkədəki vəziyyət necə olacaqsa, hansı şəkildə irəliləyəcəksə, Operativ Qərargah da ona uyğun qərarlar tətbiq edəcək, məhdudiyyətlər tətbiq edəcək".Deputat Musa Quliyev isə deyib ki, Operativ Qərargah ölkədəki yoluxma statistikasına əsasən uyğun qərar verəcək:
"Artıq bu ştamma bizim ölkədə də rast gəlindi. Dünya təcrübəsi də göstərir ki, "Delta" digər mutasiyalarla müqayisədə daha çox yoluxdurma və öldürmə potensialına sahibdir. Bu səbəbdən də insanlarımız çox diqqətli olmalı və müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Çalışmalıyıq ki, qapalı məkanlarda, insanların çox toplaşdığı yerlərdə olmayaq, maskadan, dezinfeksiyaedici məhsullardan istifadə edək, ara məsafəsini qoruyaq. Bu, həm özümüzün, həm də digərlərinin həyatı üçün önəmli məsələdir. Yoluxma artarsa, Operativ Qərargah da sərtləşdirmələrə gedə bilər. Çünki bununla bağlı əsas statistika Operativ Qərargahdadır".O bildirib ki, ancaq sərt karantindən danışmaq üçün tələsməməliyik:
"Çünki vaksinasiya prosesi sürətlə davam etdirilir. Əhalinin çox hissəsi vaksinasiyadan keçir. Düzdür, biz son günlər yoluxmanın artan dinamika ilə davam etdiyini də müşahidə edirik. Yoluxmalarda yenidən artım var. Amma biz indi sərt karantindən danışmamalıyıq. Arzumuz budur ki, vəziyyət o həddə çatmasın ki, yenidən sərt karantin elan edilsin. Bu səbəbdən də dediyim kimi, lazımlı qaydalara riayət olunmalıdır".M.Quliyev əlavə edib ki, vaksinasiya gözlənilən nəticəni verməsə, yoluxmanın artdığı məkanlarda qapanmalara başlanacaq:
"Yoluxma harada daha çoxdursa, qapadılmalara da orada gediləcək. Çünki bizdə artıq bununla bağlı təcrübə var. Operativ Qərargah yoluxmaların kəskin artacağı halda uyğun qərarlar verəcək".Naibə
Cebhe.info