İyulun 12-də Sabunçu rayonunda 2 nəfər dənizdə batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyİ məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Mediada gedən xəbərlərə görə, ümumilikdə bu il Xəzər dənizində 13 nəfər batıb. Çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 72 nəfər isə xilas edilib.Mövzu ilə bağlı
Cebhe.info-ya danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili vətəndaşları çimərlik seçərkən nəzarət olunmayan ərazilərdən uzaq durmağa çağırıb:
“Çimərlik mövsümü başlamazdan qabaq bütün sahilboyu ərazilərdə monitorinq keçirilir. Həmin bu monitorinqlərdə icra hakimiyyəti orqanı əməkdaşları da iştirak edirlər. Orada nəzarət olunmayan ərazilər müəyyənləşdirilir. Ümumiyyətlə, hansı ərazidə xilasedici yoxdursa, üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulmayıbsa, həmin ərazilər nəzarət olunmayan ərazilərdir. Dövlət tərəfindən nəzərdə tutulmuş çimərliklər var ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti orada fəaliyyət göstərir. Ona görə də vaxtaşırı vətəndaşlara müraciət edir, nəzarət olunmayan çimərliklərdən istifadə etməməyə çağırırıq ki, daha diqqətli olsunlar. Spirtli içki istifadə edib dənizə girməsinlər. Küləkli havada çimərliyə gəlməsinlər. Uşaqları çimərliklərdə nəzarətsiz buraxmasınlar. Bundan başqa, çimərliklərdə təhlükəsiz istirahət səhər saat 9-dan axşam 8-ə qədərdir. Bəzən vətəndaşlar hava qaraldıqdan sonra da çimərliklərdə qalmaq istəyirlər. Xilasedicilər onları dənizdə çıxarmağa çalışsa da, onların çağırışlarına əhəmiyyət vermirlər”.O bildirib ki, əsasən suda boğulma halları nəzarətsiz ərazilərdə və özəl istirahət obyektlərində baş verir:
“Məhz özəl istirahət obyektinin sahiblərinin də məsuliyyətidir ki, öz ərazilərində digər xidmətləri təklif etdikləri kimi insanların da suda təhlükəsizliyini təşkil etməlidirlər. Mövsüm qabağı bütün çimərlik operatorlarına məlumat verilir ki, xilasedici tədbirlər görsünlər. Təəsüflər olsun ki, çimərlik operatorları öz ərazilərində suda boğulma təhlükəsizliyini həyata keçirmir ki belə hallar baş verir”.Dövlət Xidmətinin şöbə rəisi təhlükəli çimərliklərin adlarını da açıqlayıb və vətəndaşları bu çimərlikdən uzaq durmağı məsləhət görüb:
“Bakı şəhəri və Abşeron yarımadasında xüsusi təhlükəli çimərliklər var ki, oralardan birmənalı qaydada istifadə etmək qadağandır. Həmin ərazilərdə təhlükənin olduğunu göstərən nişanlar və lövhələr yerləşdirmişik. Vətəndaşlar o tələblərə əməl etmirlər. Təhlükəli çimərliklərin adını açıqlamaq istəyirəm ki, vətəndaşlarımızın xəbəri olsun. Sabunçu rayonu Nardaran qəsəbəsində “12-ci dalan” deyilən ərazi, Sabunçu rayonu Nardaran qəsəbəsi “Yaxt klub” deyilən ərazi, Sabunçu rayonu Ləhiş bağlarında “Estakada” deyilən ərazi, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Milqaya” deyilən ərazi, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şimal Qres” deyilən ərazi, Binəqədi rayonu Novxanı və Goradil qəsəbələri aralığında “Sanqaya” deyilən ərazi, Qaradağ rayonu “Mayak” deyilən ərazi, Sumqayıt şəhəri Ləman çimərliyinin yaxınlığındakı ərazi.Bu məkanlar olduqca təhlükəli ərazilərdir. Həmin ərazilər qayalıq olduğu üçün bundan başqa sualtı axınların sürəti normadan artıq olduğu üçün və adı çəkilən ərazilərdə qəfləti dərinliklər olduğu üçün təhlükəli hesab edilir”.Əbülfət Baxşəli
Cebhe.info