Hurriyyet.az xəbər verir ki, Amerikada Ağ Evin miqrant siyasətinə qarşı kütləvi etirazlar fonunda ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom amerikalıları ABŞ Prezidenti Donald Trampa və onun siyasətinə qarşı durmağa çağırıb.
Qubernator CNBC telekanalının efirindəki müraciətində deyib: "Prezident Tramp amerikalıların susmasını istəyir. Kaliforniya onun yolundakı ilk ştat ola bilər. Lakin hər şey bununla bitməyəcək. Ona boyun əyməyin. Növbəti addım - digər ştatlardır. Növbəti addım - demokratiyadır. Gözümüzün önündə demokratiya hücumlara məruz qalır. Qorxduğumuz məqam gəlib çatıb".
Los-Anceles şəhərinin polis rəisi Cim Makdonnell çərşənbə axşamı günü 197 nümayişçinin saxlanıldığını bəyan edib.
O, mətbuat konfransında deyib: "Şənbə günü Los-Anceles polisi 27, bazar günü 40 nəfəri saxlayıb. Bazar ertəsi günü tutulanların sayı 114 nəfərə çatıb. Təkcə çərşənbə axşamı günü isə 197 nəfər həbs edilib".
Qeyd edək ki, iğtişaşlar iyunun 7-də, ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin Los-Anceles şəhərinin mərkəzində reydlər və qeyri-leqal miqrantların aşkar edilməsi üçün irimiqyaslı əməliyyatlar aparıldıqdan sonra başlanıb.
Etirazçılar avtomobilləri yandırıblar, mağazaları qarət ediblər. Bundan sonra Ağ Ev şəhərə 2 min nəfər milli qvardiyaçının göndərilməsini qərara alıb.
Kaliforniya qubernatoru bölgəyə Milli Qvardiyanın əsgərlərinin göndərilməsi qərarını qanunsuz elan edərək, Donald Tramp administrasiyasını məhkəməyə verəcəyini bəyan etmişdi. Bunun cavabında Tramp onun özünün həbs edilməsinin lazım olduğunu deyib.
ABŞ Prezidenti Donald Tramp ilə Kaliforniya qubernatoru Qevin Nyusom arasında bundan bir neçə ay əvvəl, 2025-ci ilin yanvarında da qarşıdurma olmuşdu. Həmin vaxt Kaliforniyada ölümlə nəticələnən meşə yanğınları Prezident Donald Tramp və Kaliforniya ştatının demokratlar partiyasından olan qubernatoru Qevin Nyusom arasında siyasi mübahisəyə səbəb olmuşdu.
Tramp özünün "Truth Social" sosial şəbəkəsində Nyusom administrasiyasını yanğınların qarşısını ala bilməməkdə günahlandırmışdı: "Amerika Birləşmiş Ştatlarının ən yaxşı və ən gözəl guşələrindən biri yanıb kül olur. Bu küldür və Qevin Nyusom istefaya getməlidir. Bunların hamısı onun günahıdır!"
Hürr Tərcüman