ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ
İlham Əliyev sonuncu dəfə Vladimir Putinlə bu ilin iyununda Aşqabadda Xəzər sammitində görüşüb
Cümə günü Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
İlham Əliyevlə Vladimir Putinin görüşü Azərbaycan-Ermənistan sərhədində 12-13 sentyabr tarixlərində hər iki tərəfdən 200-dən çox hərbçinin həlak olmasından sonraya təsadüf edir.
Sərhəddəki gərginliyə görə tərəflər bir-birini ittiham edir.
Döyüşlər zamanı Ermənistan Baş naziri Nikol Paşinyan kömək üçün Rusiyanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etsə də qurum bölgəyə hərbi kontingent göndərməyəcəyini bəyan edib.
Ermənistan Baş nazirin ofisi bildirib ki, sərhəddəki gərginliyə görə Ermənistan Baş naziri Nikol Paşinyan Səmərqənddəki sammitə qatılmaqdan imtina edib.
Artıq iki gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində sakitlikdir və əldə olunan atəşkəs ABŞ, o cümlədən Avropa İttifaqı tərəfindən alqışlanıb.
Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price deyib ki, onlar "Ermənistan və Azərbaycanın atəşkəs rejiminə sadiq qalmalarını" alqışlayırlar.
"Biz tərəfləri yenə də sülh prosesinə qoşulmağa çağırırıq. Biz hərbi əməliyyatları dayandırmağa çağırırıq. Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələlərin sülh danışıqları yolu ilə həllinə çalışmağı tələb edirik. Gücdən istifadə heç vaxt məqbul yol deyil və biz şadıq ki, Ermənistan və Azərbaycanda yüksək səviyyədə davam edən əlaqə tərəflərə atəşkəs əldə etməyə kömək etdi. Biz davamlı sülhə nail olmaq üçün lazım olan işi görməyə və tərəfləri təşviq etməyə davam edirik", - Ned Price bildirib.
ABŞ təmsilçisi vurğulayıb ki, məsələnin hərbi yolla həlli ola bilməz.
Politico nəşrinin məlumatına görə, ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nancy Pelosi bu həftə sonu Ermənistana gələcək.
Onun G-7 (Böyük yeddilər) Zirvəsi üçün Berlinə gəlməsi, sonra ABŞ konqresinin nümayəndəsi Jackie Speier-in (Kaliforniya) müşayiəti ilə Yeravana gedib orada Baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşməsi gözlənilir.
"Politico"nun məlumatına görə, bu, spikerin keçən ay Tayvana mübahisəli səfərindən sonra ən son dramatik xarici səfəri olacaq.
BBC.com