Sizin Reklam Burada
Tel: 050 378-66-61

İki illik kabus: Nəhayət bitir

15-09-2022, 15:04   


İki illik kabus: Nəhayət bitir


İki ildən çoxdur davam edən koronavirus pandemiyasının sonu yaxınlaşır.

Keçirdiyi mətbuat konfransında bu haqda məlumat verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatdığını qeyd edib. O, "biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - deyə əlavə edib.

Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70 % peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb.

Ölkəmizdə koronavirusa yoluxma halları kəskin azalsa da, ötən aydan etibarən artımlar müşahidə edilir. Yerli tibb mütəxəssisləri xəstələrin xəstəliyi yüngül keçirdiyini qeyd edirlər. Bəzi həkimlər payızda mövsümlə əlaqədar olaraq yenidən artımların ola biləcəyini də istisna etmirlər.

Mövzu ilə bağlı Cəbhə.info-ya danışan infeksionist Mərdan Əliyev bildirib ki, insanlarda artıq koronavirusa qarşı təbii immunitet formalaşıb:

"Ümumdünya Səhiyyə Təşkilatının son açıqlaması xoş təsir bağışlayan xəbərdir. Koronavirusun aqressiv şəkildə davam etmədiyini, yumşaldığını müşahidə edirik. Bunun səbəbi nədir? Xeyli müddətdir koronavirusa yoluxma hallarında artım müşahidə edilməyə başlayıb. Amma bu artım sürətli artmaya doğru getmir. Bu da immunitet formalaşdırır. Yavaş-yavaş immunitet formalaşdırdığı üçün birdən-birə səhiyyə sistemi yüklənmir və insanlar panikaya düşmür. Çünki yoluxma sayı eyni səviyyədə davam edir. Belə olan halda hər gün müəyyən sayda insan virusa yoluxur, sağalır və immunitet əldə eləyir".

Həkim COVID-19 infeksiyasına yoluxan xəstələrin rəsmi göstərilən rəqəmlərdən çox olduğunu qeyd edib:

"Digər tərəfdən, xəstəlik yüngül keçdiyi üçün xəstəxanaya müraciət edənlərin sayı azdır. Yəni bizdə göstərilən rəsmi rəqəm qeyri-rəsmi rəqəmdən xeyli azdır. Yüngül keçirdikləri üçün xəstəxanaya müraciət etmirlər, test vermirlər və qeydiyyyata düşmürlər.Ev şəraitində sağalırlar. Bu da onların immunitet qazanmasına xidmət edir.

Beləliklə də, pandemiyanın ehtimalı azalır. Bu da ona gətirib çıxardı ki, artıq təbii şəkildə kollektiv immunitet formalaşdı və bəzi ölkələr istisna olmaqla, bütün dünyada enmələr müşahidə edilir. Bu da onu göstərir ki, artıq kollektiv immunitet formalaşıb".

Tibb mütəxəssisi hesab edir ki, artıq payızda əvvəlki kimi sürətli artımlar gözlənilmir:

"Əvvəl biz onu gözləyirdik ki, payızda birdən-birə sürətli artım müşahidə ediləcək, amma indi payız aylarında da eyni sayda artmanın müşahidə etdiyini proqnozlaşdırırıq. Yəqin ki, yaxın 2-3 ay ərzində biz təbii enmənin şahidi olacağıq".

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar