Sizin Reklam Burada
Tel: 050 378-66-61

MOSKVANIN BAKIDAN NƏ İSTƏDİYİ MƏLUM OLDU - “Qarabağ iddiası”nın səbəbi də ortaya çıxdı

Dünən, 10:30   



Baxiş sayı: 844
Dərc olunub: 11/06/2025 - 09:24
Bölmə: Manşet

“RİA Novosti”nin “Rusiya Azərbaycanın Krımı və yeni regionları (Ukraynanın işğal edilmiş digər əraziləri) tanımasına ümid edir” xəbəri ilə Moskva, nəhayət, Bakıdan nə istədiyini elan etdi.


"AzPolitika" xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı "Ria Novasti"də Azərbaycandan gözləntilərlə bağlı dərc olunan məqaləni şərh edərkən bildirib.

"Mümkündür ki, bu istək kulis diplomatiyasında daha öncədən dilə gətirilib və AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində yaranmış narazılığın davam etməsindəki motivlərindən biri də bu ola bilər. Bakıdan müsbət cavab ala bilməyən Kreml isə həm Medinskinin “Qarabağı mübahisəli” ərazi adlandırması, həm də Krım istəyini ictimaiyyətləşdirməklə mesaj verir" - deyə, o, bildirib. 



Politoloq Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istədiyinə dair fikirlərini də bölüşüb: "İstisna deyil ki, Moskva Bakının tələblərini – mövcud situasiyada bunun AZAL-ın vurulan təyyarəsi ilə bağlı olmasından başqa versiya görünmür – yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür, Bakıda qəbul edilməyəcəyini bildikləri halda. Və bununla tələblərdən yayınmaq gedişi edir”.


A.Nərimanlı hesab edir ki, Azərbaycanın Rusiyanın bu istəyini qəbul etməyəcəyi bəllidir: “Bu yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif açıqlamaları/addımları gözləniləndir”.



Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da "RİA Novasti"də Rusiyanın Azərbaycandan gözləntiləri ilə bağlı dərc olunan məqalənin Moskvanın Bakıdan nə istədiyini göstərdiyi fikrindədiur. 


"Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir" - deyə, o, bildirib.

O, Rusiyanın dövlət agentliyinin bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadla yaymasına diqqət çəkib:

"Həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin “RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır:

“Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”.

Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımağımızı istəyir. Bu, heç zaman mümkün olmayacaq. Belə olan halda Kreml və rusiyalı rəsmilərdən, deputatlardan və diplomatlardan Azərbaycana münasibətdə əvvəlkitək təxribatlar gözləməliyik".

Politoloq bildirib ki, Kremlin bu “istəyini” ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirməsi xüsusi maraq doğurur: "Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini cavabsız qoymamalıdır".

Elman İsmayıllı 

"AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar