“Səsimizi Prezidentin eşitməsini istəyirik”
Bakı Dövlət Sirkinin artistləri qurum rəhbərliyi tərəfindən məcburi olaraq öz hesablarına məzuniyyətə göndərildiklərini deyirlər.
Bu barədə Meydan TV-yə sirkin sehrbazı Şəhadət Bağırov, gimnastı Günay Nuriyeva və pəhləvanı Emin Süleymanov məlumat veriblər.
Dediklərinə görə, rəhbərlik vəziyyəti büdcədə pulun olmaması ilə izah edib.
Sehrbaz Şəhadət Bağırovun sözlərinə görə, sirkdə 4 ildir işləyir.
Bu müddət ərzində artistlər sirkin manejində bir dəfə də olsun çıxış etməyiblər:
“Sirk rəhbərliyinin bəhanəsi də bu olub ki, rekvizitlərimiz yoxdur, büdcədə də pul yoxdur. Sirkdə səhnəyə çıxmasaq da, tez-tez dövlət tədbirlərində çıxış etmişik. Bu tədbirlərdə bir qəpiksiz çıxış edirik. Bəzən elə olur ki, günün altında bir neçə saat çıxış etməli oluruq. Bəzən də ac-susuz qalırıq, dönər alıb yeyirik. Nəsə deyəndə də bildirirlər ki, sirk sizə hər ay maaş verir. İndi də bizi öz hesabımıza zorla məzuniyyətə göndərirlər. Səbəbini soruşanda da “büdcədə pul yoxdur” deyirlər. 10 milyonluq əhalinin içində 8 nəfər sirk artisti var. Dövlətin gücü çatmır ki, onların aylıq 350 manat maaşını versin? Halbuki, xaricdən artistlər gətirib, milyonlar qazanırlar. Bizə gələndə isə pulları olmur”.
Sirkin pəhləvanı Emin Süleymanovun narazılığı həm öz hesabına məzuniyyətə göndərilməsi, həm də maaşının az olmasıdır:
“Əsas sənədə əsasən, maaşım 400 manatdır, lakin mənə 244 manat maaş verirlər. Bunu da sirkin hazırda fəaliyyət göstərməməsi ilə əlaqələndirirlər. Əgər elədirsə, müqavilədəki rəqəm niyə dəyişmir, elə 400 manat da qalır? Narazılıq edəndə də deyirlər ki, büdcədə pul yoxdur”.
Gimnast Günay Nuriyeva məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə dəfələrlə yazdıqlarını və zəng etdikərini bildirir.
Onun sözlərinə görə, nazirlik müraciətlərinə reaksiya vermir:
“Sirkdə 4 ildir işləyirəm, bu illər ərzində çox haqsızlıqlara susduq. Bizim qanımızı içirlər. 2024-cü ildə maaşlarımızı kəsdilər, dedilər ki, sirk fəaliyyət göstərmir, biz də dillənmədik. Amma bizdən tələb edirlər ki, hər gün işə gedək. Məzuniyyətə çıxmaq istəyirik, məzuniyyət pulumuzu vermirlər. Bu özbaşınalıq nə vaxta qədər davam edəcək? Artıq yorulmuşuq. Səsimizi Prezidentin eşitməsini istəyirik. Əmək müqaviləmdə 550 manat yazılıb, lakin 300 manat maaş alıram. O həddə çatmışıq ki, ölkədən çıxıb getməyi düşünürük. Maaşımızı kəsirlər, amma bizi məcburi dövlət tədbirlərinə göndərirlər. İmtina edəndə də deyirlər ki, ərizə yaz, işdən çıx”.
Bakı Dövlət Sirkindən isə artistlərin dediklərini yalanlayıblar. Sirkin əməkdaşı Meydan TV-yə bildirib ki, adı çəkilən artistlər könüllü olaraq məzuniyyətə göndəriliblər.
“Xeyr, artistlər özləri könüllü olaraq sənədləri imzaladılar”, – Bakı Dövlət Sirkindən Meydan TV-yə adını çəkməyən əməkdaş bildirib.
Özünü təqdim etməyən sirk əməkdaşı maaşların azaldılması ilə bağlı şərh verməkdən imtina edib və bildirib ki, məsələ ilə bağlı rəhbərlik münasibət bildirəcək. Sonradan sirklə təkrarən əlaqə saxlasaq da, zənglərimiz cavabsız qalıb.
Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəvanə Abdullayeva sorğumuza cavab verəcəyini desə də, sonradan heç bir açıqlama verməyib.
Mədəniyyət Nazirliyi 2024-cü ildə Bakı Dövlət Sirkinin bağlanması barədə qərar qəbul edib.
“Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib. Binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub. Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib”, – Mədəniyyət Nazirliyindən bildirilib.
Əməkhaqqı məsələsinə gəlincə, müvafiq qanunvericiliyə əsasən, Bakı Dövlət Sirkində boşdayanma vaxtı ərzində işçilərin əməkhaqlarının onların vəzifə maaşının üçdə ikisi miqdarında ödənilməli idi.
Bakı Dövlət Sirki 1967-ci ildən fəaliyyət göstərir.