Aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. M.Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub.
Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bəs maddəyə digər maddələrin əlavəsi gözlənilirmi? Bu maddə neçə illik azadlıqdan məhrumetməni özündə ehtiva edir?
Cebhe.info-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, məşqçini 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə gözləyir:
“Onun haqqında Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə cinayət işi başlanılıb. Orada da 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Yəqin ki, bu çərçivədə də məsuliyyət daşıyacaq, azadlıqdan məhrum olunacaq. Çünki orada ağırlaşdırcı hal da görünür.
Kadrlardan da görünür ki, uşağa qarşı zor tətbiq edir, fikir vermir ki, hansı haldadır, eyni hərəkətlərə davam edir. Üstəlik, uşağa yardım da gec olunub. Ona görə də düşünürəm ki, bu sarıdan ona çox ağır cəza veriləcək. Müddəti 12 ildən o halda çox ola bilər ki, burada başqa bir maddə də əlavə edələr.
Deyək ki, qanunsuz sahibkarlıqla məşğul olmaq. Yəni lisenziya almadan məşqçilik fəaliyyətini davam etdirməsi bura aid edilə bilər. Bu iki maddəni birləşdirib məşqçiyə 12 ildən də yuxarı həbs cəzası verə bilərlər. Ora məktəb zalı olub. Necə olub ki, məşq zalı kimi istifadə edilib? Bu, qanuni yolla olub? Yoxsa direktor oranı icarəyə verib, pul qazanıb?
Bu suallarla bağlı da araşdırma getməlidir. Nə üçün təhlükəsizlik kameralarını izləyən şəxslər dərhal reaksiya verməyiblər? Onların özü də məsuliyyətə cəlb olunmalıdır. Təkcə məşqçi barəsində deyil, digərləri barəsində də məsuliyyət nəzərdə tutulmalıdır”.
Vəkilin sözlərinə görə, idman zallarında yoxlama keçirilməlidir:
“Məktəb siniflərindən qeyri-qanuni istifadə gündəmdir. Bunun qarşısını almaq üçün bütün məktəblərdə, idman mərkəzlərində təhlükəsizlik məsələləri ilə bağlı daha ciddi işlər görülməlidir. Görünür, bir çox zallarda vəziyyət eynidir. Buna görə də kompleks yoxlamalar aparılmalıdır.
Bu, çox ciddi siqnal idi, aidiyyəti qurumlar kütləvi yoxlama başlatmalıdır. Burada motiv də olmalıdır. Deyək ki, uşağı öldürmək istəyib. Hansı səbəbdən? Bəlkə sifariş alıb, yaxud valideynlərdən qisas alır?
Bunlarla bağlı ortada heç nə yoxdur. Hər şey də araşdırmanın nəticəsindən asılı olacaq. Ölümə səbəb olan ağır xəsarət yetirmə ilə həbs olunacaq. Hələ ki, bu maddə əsas götürülüb. Kameralarda əvvəlki yazılara da baxılacaq ki, görək, bu davamlı olub, yoxsa sırf həmin gün bu cür davranıb”.
Ə.Mustafayev qeyd edib ki, məşqçilərin lisenziyalaşdırılma məsələsinə də nəzarət güclənməlidir:
“Fiziki gücün tətbiq olunduğu idman növlərində mərhələlər var. İlkin dönəmdə təhlükəsizlik, ağrısız yıxılmaq, bədəni düzgün idarə etmək öyrədilir. Bu uşaq elə yıxılıb ki, bədəni başının üstündə qalıb. Çünki yıxılma qaydasını bilməyib.
Elə balaca uşağın bədəni tez bir zamanda möhkəmlənə bilməz. Məşqçi uşağın fiziki cəhətdən möhkəm olduğunu biləndən sonra digər fərdlərin öyrədilməsinə keçməlidir. Videodan görürük ki, uşağı atır, heç baxmır ki, düzgün yıxılır, ya yox.
Məşqçilərin özünə də təlim keçirilməlidir. Onlar məşqçi olmaq üçün hazırlanmalıdır. Haradasa uğur qazanıbsa, deyirlər ki, yaxşı idmançıdır, yaxşı da məşqçi ola bilər. Amma hər bir uğurlu idmançı uğurlu məşqçi ola bilməz. Ona görə də lisenziya verildikə bu amillərə də nəzər yetirilməlidir”.
Naibə
Cebhe.info