Sizin Reklam Burada
Tel: 050 378-66-61

Odlu silah vətəndaşların əlinə necə keçir? - “Agentura əlaqəsi...” - Keçmiş polis rəisi

1-05-2023, 15:19   


Odlu silah vətəndaşların əlinə necə keçir? - “Agentura əlaqəsi...” - Keçmiş polis rəisi 


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Söhrab Məmmədovun Şəki rayonu ərazisində üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir müddət əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən tapdığını və Şəki rayonuna isə qohumlarıgilə qonaq gəldiyini bildirib. S.Məmmədovdan götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən, silahın atəşə tam yararlı olduğu müəyyən edilib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, odlu silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsi ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. 

Xüsusilə son zamanlar bu kimi hallara çox rast gəlinir. Təəssüf ki, bu hal daha öncə aşkarlanmadıqda nəticələri heç də ürəkaçan olmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284-cü maddəsinə əsasən, qanunsuz silah gəzdirmək, saxlamaq, başqasına satmaq məsuliyyət halı yaradır. 284.1-ci maddədə göstərilir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Bəs sıravi vətəndaşlar odlu silahı necə əldə edir? 

Cebhe.info-ya açıqlamasında sabiq polis rəisi Şəmsəddin Əliyev bildirib ki, bütün ölkələrdə belə hallar var: 

“44 günlük Vətən müharibəsinə qədər cəbhə bölgəsində yaşayanların bəziləri özlərini düşmən hədəfindən müdafiə etmək üçün odlu silahı müəyyən yollarla əldə edirdi. Burada da məqsəd cinayət hadisəsi törətmək, ona rəvac vermək deyil, sadəcə özünü qorumaq idi. Təbii ki, müharibədən öncə də, sonra da hüquq-mühafizə orqanları asayişi təmin etmək məqsədilə zaman-zaman əhalidə qalan qanunsuz ov silahlarını, odlu silahları toplanması ilə bağlı tədbirlər həyata keçirib. Lakin bunu təkcə özünü düşməndən qorumağa da bağlamaq düzgün olmazdı. Çünki 44 günlük Zəfərdən sonra da qanunsuz silahları ələ keçirib saxlamaq halları müşahidə edilir, aşkarlanır. Bunun işartıları da yəqin ki, hələ çox olacaq. Səhlənkarlıq nəticəsində könüllü döyüşən, hərbi xidmətdən təxris olunan, müddətdən artıq hərbi xidmətdə olanlar xidməti başa vurub gedəndə bəzən onların üzərində silahların olması mümkündür. Qanunsuz silahları özündə saxlayan, daşıyanlara qarşı Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur”. 

Sabiq polis rəisi bir məqama da diqqəti çəkib:

“Həbsxanada cəza çəkib çıxan insanların daha çox bu cür hadisələrlə əlaqəsi olur. Çünki bəzi məhbusların agentura ilə əlaqəsi, çox yaxın münasibəti olur. Onlar da bu əlaqələrdən istifadə edərək həmin silahları əldə edə bilirlər. “Makarov” tipli tapançanı daşımaq isə onu göstərir ki, şəxsin hər hansı cinayət hadisəsi törətmək istəyi olub. Amma Azərbaycan polisinin əlində məlumat olub və tez bir zamanda zərərsizləşidirilib. Bu da digər insanlara bir xəbərdarlıdır. Təkcə polis deyil, bu məsələdə Azərbaycan cəmiyyəti də ayıq-sayıq olmalıdır”. 

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar