Sizin Reklam Burada
Tel: 050 378-66-61

İctimai nəqliyyatda qiymət artdı: Keyfiyyət isə...

19-04-2023, 14:12   


İctimai nəqliyyatda qiymət artdı: Keyfiyyət isə...


Sərnişinlər sanki “Survivor” yarışmasındadır

İctimai nəqliyyatda gediş haqqı artırılsa da, keyfiyyət günbəgün aşağı düşür. İnsanlar imkan olsa, ictimai nəqliyyatdan imtina edər, sadəcə əlacsızlıqdan bu xidmətdən istifadə edirlər.

Bu ilin fevralında ictimai nəqliyyatda gediş haqqının dəyəri 10 qəpik bahalaşaraq, 30 qəpikdən 40 qəpiyə çatdırıldı. Qiymət artımı baş verənə qədər müxtəlif daşıma şirkətlərini gəlirlərinin xərclərini qarşılamadığından şikayətlənirdilər. Bir çoxu ziyanla işlədiyini, adambaşına düşən xərcin maya dəyərindən yüksək olduğunu iddia edirdi. Lakin nəsə dəyişdimi? 

Daşıyıcı şirkətlərinin etirazlarına "Bakı Metropoliteni" də dəstək verərək, gediş haqqının aşağı olduğundan gileylənirdi. Həmin ərəfələrdə gediş haqqının yeni qiymətinin nə qədər olacağı ilə bağlı da xeyli müzakirələr getdi. Hətta bəziləri hansısa naməlum hesablamalarla bu rəqəmin 70 qəpik və ya 1 manat olması kimi absurd təkliflər irəli sürürdülər. Sərnişinlərin etirazları da qiymət artımının qarşını almağa nail olmadı və həm avtobus, həm də metroda gediş haqqı 10 qəpik bahalaşdı.

Təbii ki, daşıyıcı şirkətlərin rəhbərlərinin əksəriyyətinin vətəndaşları deyil, sadəcə öz ciblərini düşündüyünü hər kəs bilir. Belə olmasaydı, vətəndaşlar hər gün sınıq-salxaq, oturacaqlarının bəziləri olmayan və hətta qapılardan sallanaraq yol getdikləri avtobuslardan istifadə etmək məcburiyyətində buraxılmazdı.

Lakin ictimai nəqliyyat istifadəçiləri köhnə avtobusların əziyyətini çəkirlər. Amma yeni avtobuslar xəttə buraxılmadan qarajda saxlanılır. Bununla bağlı müxtəlif media orqanlarında dəfələrlə informasiyalar verilib, yazılar yazılıb.  

Qiymətlər artırılarkən daşıyıcı şirkətlər, "Bakı Metropoliteni" və onların “ekspertləri” qiymət artımının keyfiyyətə müsbət təsir göstərəcəyini iddia edirdilər. 2 aydan çox keçməsinə baxmayaraq, heç bir irəliləyiş görünmür. Sərnişinlər isə ən azından istifadəyə yararsız və bərbad vəziyyətdə olan avtobusların yeniləri əvəz olunacağını gözləsə də, bu elə gözlənti olaraq qaldı. 

Xüsusi olaraq Bakıətrafı qəsəbələrlə bağlı vəziyyət kökündən dəyişməyib. Bakı şəhərinin daxilində “BakuBus”lar fəaliyyət göstərsə də, şəhərətrafı qəsəbələrdə yaşayanlar həmin köhnə avtobusların dəyişməyən istifadəçilərdir.

Belə demək mümkündürsə, insanlar bu avtobuslarla yola çıxaraq, sanki həyatları ilə “qumar oynayırlar”. Açıq qapılı avtobuslardan kimsə yıxılsa və həaytını itirsə kim buna məsuliyyət daşıyacaq? Sürücümü, daşıyıcı şirkətmi, ya nəqliyyatı idarə edən qurumlar? Təbii ki, bir tikə çörəyə işləyən sürücü...Cavabdeh qurumlar isə “yağdan tük çıaxn kimi” aradan çıxacaqlar...

Avtobuslar arasındakı interval da bir ayrı dərddir. İnterval çox, xətlərə buraxılan avtobusların sayı az. Bu suallara doğru-dürüst cavab tapmaq olmur. Sərnişinlər isə yarıtmaz fəaliyyətlə üz-üzə. 

Amma başqa çarə də yoxdur

Problem təkcə avtobuslarla bağlı olsaydı dərd yarı olardı. "Bakı Metropoliteni"ndəki vəziyyət ondan da betərdir. Vətəndaşlar hər gün dəhşətli sıxlıqla işə gedib-gəlməyə davam edirlər. Qiymət artsa da, nə sıxlıq, nə də interval azaldı. Bəs metroda havasızlıqdan əziyyət çəkən, özündən gedən insanlara görə kim məsuliyyət daşıyır? Metroda sıxlıq o qədər çox olur ki, nəfəs almaqda çətinlik çəkən insanları görmək belə adi bir hala çevrilib.

Ümumiyyətlə, qiymətindən asılı olmayaraq əgər hər hansısa bir xidmət üçün ödəniş olunursa, onun yüksək səviyyədə təmin olunması adi normadır. Amma vətəndaşlar gediş haqqını ödədikləri avtobuslarda və metroda o normanı görmürlər. Bakı Nəqliyyat Agentliyinin (BNA) ləğv edilərək, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi də problemləri həll etmədi. Müfaviq qurumlar isə hər gün baş verən bu problemə sadəcə seyirci qalırlar. Hətta bizim ictimai nəqliyyatdan istifadə etməyimiz “Survivor” yarışmasında mübarizə aparmağa bənzəyir.

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar