QMİ: “Aşura mərasimlərini hər kəs öz ailəsi ilə keçirsin”. Qobustan həbsxanası və “AZFEN”də koronavirusa kütləvi yoluxma
30-08-2020, 08:42
Şəklin alt yazısı,Foto Arxiv.Qafqaz Müsəlmanları İdarəsi pandemiya ilə bağlı karantin tədbirlərinə görə builki Aşura mərasimlərini məscid və ziyarətgahlarda deyil, fərdi şəkildə keçirməyə çağırır. Qobustan həbsxanası və "AZFEN"də koronavirusa kütləvi yoluxma aşkar edilib, balıq tutanlara xəbərdarlıq - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
DIN: "Belə hallar aşkar edilərsə, onların qarşısı alınacaq"
Qafqaz Müsəlmanları İdarəsi pandemiya ilə bağlı karantin tədbirlərinə görə builki Aşura mərasimlərini məscid və ziyarətgahlarda deyil, fərdi şəkildə keçirməyə çağırır. Bu il Aşura günü avqustun 30-da keçirilir. Daxili İşlər Nazirliyi (DİN) karantin vaxtı qanunsuz hərəkətlərə yol verilməyəcəyini bildirib.
"Belə hallar aşkar edildikdə, onların qarşısı alınacaq,"- şənbə günü DİN-in mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər. Qafqaz Müsəlmanları İdarəsi bu il kütləvi mərasimlərin keçirilməyəcəyini bəyan edib. "Qafqaz Müsəlmanları İdarəsi Operativ Qərargahın təlimat və tövsiyələrinə istinad edərək, bütün mömin və inanclı insanların nəzərinə çatdırır ki, builki Aşura mərasimini məscid və ziyarətgahlarda deyil, fərdi şəkildə, hər kəs öz ailəsi daxilində qeyd etsin, kütləvi toplantılardan uzaq dursunlar", - Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi İbrahim Quliyev Azərtac-a bildirib. Onun sözlərinə görə, arzuedənlər paytaxtda və regionlarda təşkil edilmiş Qan Bankında qan verə bilərlər. Aşura günü qan vermək bir neçə ildir ki, ənənəyə çevrilib. Azərbaycanda koronavirus epidemiyasına görə, oktyabrın 30-na qədər bütün kütləvi tədbirlər, o cümlədən yas və toy mərasimlərinin keçirilməsi qadağan edilib. SEBASTIEN BOZON/AFP/GETTY IMAGES
Qobustan həbsxanası və "AZFEN"də koronavirusa kütləvi yoluxma aşkar edilib
Qobustan həbsxanasında və "AZFEN" Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində koronavirus ocaqları aşkarlanıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, Azərtac xəbər verir. Bundan sonra məhbuslar və digər işçilər müayinə edilib və 5 həbsxana əməkdaşı, 19 məhkumda COVID-19 müayinəsinin nəticəsi pozitiv çıxıb. Penitensiar Xidmət bildirir ki, virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur.
Növbəti yoluxma mənbəyi "AZFEN" Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən edilib. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub. Avqustun 29-da 188 yeni yoluxma aşkar olunub və bununla ölkə üzrə koronavirusa yoluxma sayında müəyyən dərəcədə artım müşahidə edilib. AZERTAG
Bakıda dezinfeksiya işləri aparılır
Bakıda və ətraf qəsəbələrdə dezinfeksiya işləri aparılır. Tədbirə 40 ədəd xüsusi texnika və 2 min əməkdaş cəlb olunub, Azərtac bildirir. Dezinfeksiya üçün toksik maddələrin istifadəsiylə bağlı sakinlərdən mümkün qədər bayıra çıxmamaq xahiş olunub.
Həftəsonu ictimai nəqliyyat işləmir
Sərt karantin rejiminin qüvvədə olduğu şəhər və rayonlarda şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabr ayı üçün açıqladığı cədvələ əsasən, ictimai nəqliyyat aşağıdakı günlərdə işləməyəcək. • 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək; • 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək; • 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək; • 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bundan başqa, Bakı metrosu da sentyabrın 15-dək işləməyəcək.
Gələn həftədən balıq ovuna olan moratorium ləğv olunur. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi birgə məlumatında deyilir. Mayın birindən tətbiq olunan qadağa balıqların kürüləmə dövrü ilə bağlı idi və onun müddəti 1 sentyabrda başa çatır. Balıqçılara qanunla qadağan olunmayan ov alətlərindən istifadə etmək tövsiyə edilir.